Bayraqdar.info – Sentyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Qasım-Jomart Toqayev ilə görüşüb.
Xəbər bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Xəbərdə bildirilir ki, Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Q-J.Toqayev dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
“Səmimi görüş üçün minnətdarlığını bildirən MM sədri Sahibə Qafarova Prezident İ.Əliyevin salamlarını Qazaxıstanın dövlət başçısına çatdırıb. Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan və Qazaxıstan arasında münasibətlər tamamilə yeni səviyyəyə yüksəlib. Sevindirici haldır ki, gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.
“Sədr xüsusilə TürkPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə qeyd olunur.