Bayraqdar.info – Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 oktyabrdan ölkədə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq.
Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sentyabrın 28-də kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Xəbər bayraqdar.info-ya sentyabrın 29-da Mədəniyyət Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak edib.
“Mədəniyyət Nazirliyində aparılan islahatlar barədə məlumat verən E.Əliyev kinematoqrafiya sahəsinə də xüsusi diqqət ayrıldığını, bu mənada kino nümayişinin prioritet sahələrdən olduğunu vurğulayıb.
“Görüşdə kinoteatr rəhbərləri mövcud problemlər və gələcək planlar haqqında ətraflı məlumat veriblər. Bir ildən artıqdır ki, fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, mövcud problemlər və perspektivlər müzakirə olunub. Müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
“Sonda nazir müavini E.Əliyev bu istiqamətdə kino nümayişi müəssisələrinə dəstək olacağı və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib.” Xəbərdə belə deyilir.