Son yeniləmə: 29 Sentyabr 2021 15:47
Bayraqdar.info – Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 29-da məlumat yayaraq Azərbaycanda nifrət yayanlarla bağlı tədbir görüldüyünü bildirib.
Məlumatda bildirilir: “Məlum olduğu kimi, sentyabrın 27-də Vətən müharibəsi zamanı həlak olmuş vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq Respublikanın şəhər və rayonlarında anım tədbirləri keçirilib. Tədbirlərdə xalqın haqq savaşında canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad olunub, məzarları ziyarət edilib.
“Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları etmələri aşkar edilib. Onların tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub.
“Qeyd olunan şəxslər DTX-ya dəvət olunaraq qanuna zidd davranışlarının qarşısı alınıb. Dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının qanunlarla müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər.
“Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.”
Əlavə edək ki, sentyabrın 27-də Azərbaycanda Anım Günü tədbirləri çərçivəsində qara geyimli bəzi şəxslər şəhid qəbirlərini ziyarət edərkən yəhudilərə qarşı qanunazidd təbliğat aparıblar. Sosial mediada yayılan görüntülərdən də bəlli olur ki, o şəxslər qonşu İranın klerikal hərəkatına rəğbət bəsləyən kəsimə aiddir. Bu isə Azərbaycan kimi dünyəvi dövlət üçün qəbuledilməz davranışdır. Çünki ölkədə hər kəs dini azadlıqlarında sərbəstdir, lakin dövlətin strateji maraqlarına qarşı hərəkətlər də yolverilməzdir.
Redaktə və əlavə: Azər Həsrət