Bayraqdar.info – Yevlax rayonu, Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Xəbər bayraqdar.info-ya Baş Prokurorluqdan sentyabrın 29-da daxil olub.
Xəbərdə bildirilir ki, araşdırma zamanı məlum olub ki, adıçəkilən bələdiyyənin vəzifəli şəxsləri 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınmış pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsini təşkil ediblər.
“Həmçinin, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manat bələdiyyənin hesabına köçürülməyib. Bundan başqa, bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə 259 min manat məbləğində ziyan vurulması müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
“Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.” Baş Prokurorluğun xəbərində belə deyilir.