Press "Enter" to skip to content

Türküstan, Nizami Gəncəvinin 880 illiyi və “Şərqin Parlaq Ulduzu”

Bayraqdar.info – Məsələylə bağlı jurnalist Aida Eyvazlının bayraqdar.info-ya təqdim etdiyi xəbəri dəyərli oxucularımızla paylaşırıq.

Sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Şərqin Parlaq Ulduzu” adlı təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər.

Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan Azərbaycan əsgərlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin sədri S.Qafarova, yazıçı M.Bayğut və D.Kıdırəlinin iştirakı ilə kəsilib.

S.Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib.

Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirləri təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema, əslində Sovet hakimiyyətinin ilk vaxtlarında – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib, həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib.

“Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdirmişlər”, – deyə Akademiya rəhbəri bildirib.

Nizaminin şeirləri Tair Jarokov, Qasım Amanjolov, Təken Əlimqulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub.

Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Sədr dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb.

Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonağa hədiyyə edilib.

Mission News Theme by Compete Themes.