Bayraqdar.info – Paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.
Sentyabrın 28-də Baş Prokurorluqdan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, adıçəkilən xəstəxanada COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb.
“Araşdırma nəticəsində qeyd edilən xəstəxanada işləyən Elnur Əliyev, tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.
“Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
“Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir”, – deyə məlumatda qeyd edilir.