Press "Enter" to skip to content

Konqresmenlər Toni Kardenas, Adam Şiff və Brəd Şermana açıq məktub

Azər HƏSRƏT

Son yeniləmə: 27 Sentyabr 2021 22:57

Biz, Azərbaycan insanları olaraq bu yaxınlarda öyrəndik ki, siz Nümayəndələr Palatasında 2022-ci maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləndirmə Qanununa bizim ölkəmizlə bağlı əlavələr irəli sürmüsünüz. Sizin əlavələrinizdə biz bir sıra saxta ittihamlar gördük və bu da bizim mövqeyimizi açıq ifadə etməyimizə səbəb oldu.

Hər şeydən öncə siz iddia edirsiniz ki, “2020-ci il sentyabrın 27-də Azərbaycan Türkiyənin və xarici döyüşçü qruplarının dəstəyi ilə Dağlıq Qarabağa qarşı hərbi hücuma keçib”, “nəticədə minlərlə etnik erməni sakinin ölümünə və köçkün düşməsinə səbəb olub”.

Sadəcə sizi və dəstəkçilərinizi maarifləndirmək üçün rəsmi Yerevanın açıqladığı statistikanı xatırlatmaq istərdim. O statistikaya görə 44 günlük savaş günlərində hardasa 30 erməni mülki şəxsi ölüb, minlərlə deyil. Və Azərbaycan ərazisində ləğv edilən minlərlə hərbi personal da əsasən Ermənistan vətəndaşları olub, Qarabağ sakinləri deyil. Yəni Azərbaycan xarici işğalçıları məhv edib və öz torpaqlarını xarici işğalçılardan təmizləyib. Bu isə heç bir beynəlxalq qanuna və öhdəliyə zidd deyildir.

Yeri gəlmişkən, Ermənistanın işğalçı ordusu Azərbaycanın savaş bölgəsindən kənardakı mülki ərazilərinə onlarla raket hücumları da edib. Bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub. Onların arasında çox sayda uşaqlar və qadınlar da Ermənistan raketlərinin qurbanı olub.

Sonra siz iddia edirsiniz ki, Azərbaycan “Türkiyənin və xarici döyüşçülərin dəstəyindən” istifadə edib. Siz ciddisiniz? Bilirsinizmi ki, Azərbaycanın tərəfində heç bir xarici şəxs vuruşmayıb və bunu sübut edəcək heç bir dəlil yoxdur? Sadəcə Ermənistan təbliğatının qurbanı olmayın.

Siz münaqişənin bitirilməsi ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli bəyanata istinad edirsiniz. Bu bəyanat həqiqətən də bütün müharibə əsirlərinin qaytarılmasını nəzərdə tutur. Və münaqişə tərəfləri bəyanat imzalandıqdan dərhal sonra onları həqiqətən də geri qaytarıblar. Yəni Azərbaycan və Ermənistanın heç birində o tarixdən sonra müharibə əsiri yoxdur. Lakin eybəcər erməni təbliğatı hələ də Azərbaycanın Ermənistandan olan müharibə əsirlərini saxladığı haqqında saxta informasiya yayır. Və sizin kimi şəxslər də bu təbliğatda alət olmaq üçün könüllülük edirsiniz.

Bir daha sizi maarifləndirmək üçün deyirik ki, Azərbaycanda bəzi Ermənistanlı məhbuslar var. Lakin onlar müharibə əsirləri deyil. O şəxslər 2020-ci il noyabrın sonunda qanunsuz olaraq Azərbaycan torpaqlarına müdaxilə etdikləri və mülki şəxslər də daxil olmaqla bir neçə Azərbaycanlını öldürdükləri üçün həbs ediliblər. Onların hamısı Ermənistanın vətəndaşlarıdır və Azərbaycan torpaqlarında ələ keçiriliblər. Hələ deyim ki, onların çoxu artıq geri qaytarılıb. Evə dönəndən sonra iddia ediblər ki, Azərbaycanda onlara işgəncə verilib. Lakin bunu təsdiq edəcək dəlillər təqdim edə bilməyiblər.

Və sizə bir sual vermək istərdim: Əgər hansısa yaxşı təchiz edilmiş hərbi qruplaşma qanunsuz olaraq ABŞ-a daxil olaraq insanları öldürsə sizin hökumətiniz onlarla nə edərdi? Belə bir hal olsaydı siz ABŞ hökumətindən o adamlara heç nə etmədən buraxmasını tələb edərdinizmi? Əminəm ki, yox deyəcəksiniz.

Həm də siz “Azərbaycanın da imzaladığı Üçüncü Cenevrə Konvensiyası və ənənəvi beynəlxalq hüquq”a istinad edirsiniz. Bu sənədlər “bütün müharibə əsirlərinin və tutulmuş mülki şəxslərin silahlı qarşıdurma bitən kimi azad edilməsini, eyni zamanda onlara qarşı insani davranışı tələb edir”.

Və siz yenə də iddia edirsiniz ki, “Azərbaycan hökuməti hardasa 200 nəfərə qədər erməni müharibə əsirini, girovları, həbs edilmiş şəxsləri saxlayır, onların saxlanılmasını əsaslandırmaq üçün statuslarını yanlış təqdim edir”.

Yenə də mən sizi ciddi olmağa çağırmaq istərdim. Əgər Azərbaycan savaş bitməzdən öncə tutulmuş bütün şəxsləri sərbəst buraxıbsa, siz necə iddia edə bilirsiniz ki, mənim ölkəm hələ də müharibə əsirlərini saxlayır? Sadəcə Ermənistan hökumətindən soruşun və onlar sizə deyəcək ki, Azərbaycan müharibə gedən günlərdə tutulmuş bütün şəxsləri azad edib.

Sizin Human Rights Watch və Kolumbiya Universitetinin İnsan Haqlarını Araşdırma İnstitutunun hesabatlarına istinad etməyinizə gəlincə, biz bir daha bu cür təşkilatların manipulyasının təsdiqini görürük. Bu “insan haqları” qurumları həmişə pul verənlərin maraqlarına xidmət edən alət kimi istifadə edilib.

Mən sizin Azərbaycanın qadın məhbuslara qarşı seksual zorakılıq edə biləcəyi haqqında iddianızı oxuyanda təəccüb elədim. Sizi bir daha maarifləndirmək üçün deyirəm ki, Azərbaycanda erməni millətindən olan heç bir qadın məhbus yoxdur. Hətta başqa cinayətlərə görə də. Çünki bizim Qarabağdan kənarda da erməni əsilli 30 mindən artıq vətəndaşımız var və onlar bütün bu münaqişə illəri ərzində Azərbaycanda sülh şəraitində yaşayıb.

Siz deyirsiniz ki, “Ermənistan 9 noyabr bəyanatı və beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın bütün müharibə əsirlərini qaytarmaqla bağlı öhdəliyini yerinə yetirib”. Siz haqlısınız. Azərbaycan da eyni hərəkəti edib. Çünki tərəflər bu məsələdə qarşılıqlı davranıblar.

Bununla da sizin Azərbaycana yönəlik “dərhal və qeyd-şərtsiz bütün Ermənistan hərbi əsirlərini və tutulmuş mülki şəxsləri geri vermə” çağırışınız heç bir əsası olmadığı üçün darmadağın olur.

Sizin “Azərbaycanın ağ fosfor, kassetli bombalar və qadağan edilmiş sursatlardan Dağlıq Qarabağda mülki şəxslərə və mülki obyektlərə qarşı istifadə etməsi” ilə bağlı iddianıza gəlincə demək istərdim ki, bu, sizin bir zarafatınızdır yəqin. Çünki bu saxta iddialarla da bağlı hər hansı dəlil yoxdur.

Mən əminəm ki, siz “Türkiyə və Azərbaycanın 27 sentyabr 2020 və 9 noyabr 2020-ci il tarixləri arasında Dağlıq Qarabağa qarşı hərbi təcavüzündə iştirak üçün xarici terrorçuları cəlb etməsi”ni iddia edəndə içkili olmusunuz. Niyə belə düşünürəm? Çox sadə bir səbəbdən. Bir insan belə bir iddiaya düşmək üçün ya içkili, ya da mövzudan çox xəbərsiz olmalıdır.

Türkiyə bu savaşda Azərbaycana siyasi və mənəvi sahədə yardımçı olub və biz – Azərbaycanlılar və Türkiyəlilər buna görə çox xoşbəxtik. Lakin Türkiyə və ya başqa ölkədən heç bir şəxs bu savaşda hərbi əməliyyatlara cəlb edilməyib. Çox sadə bir səbəbdən: Azərbaycanın belə bir dəstəyə ehtiyacı yoxdur, çünki bizim çox peşəkar təlim görmüş və yaxşı təchiz edilmiş ordumuz var. Üstəlik, Ermənistan ordusuyla və hətta iki xalqı müqayisə etsək, Azərbaycanın hərbi, iqtisadi və insan gücü Ermənistanınkından bir neçə dəfə çoxdur. Ölkənin yetərincə gücü olduğu halda xarici döyüşçülərin cəlb edilməsinin heç bir məntiqi yoxdur. Siz Konqresin üzvü kimi bunu bilməlisiniz axı.

Və sonda mən sizə və sizin kimi insanlara çağırış etmək istərdim ki, bu işdən kənar durub Azərbaycan və Ermənistan xalqlarının ortaq dil tapmasına imkan yaradasınız. Biz burada – ABŞ-dan xeyli uzaqda olan Qafqazlarda öz aramızda olan münaqişələri necə həll etməyi sizdən yaxşı bilirik. Əgər sizin kimi insanlar kənara çəkilib heç bir müdaxilə etməzsə, biz öz coğrafiyamızda bütün məsələlərin həllinə nail olacağıq. Ermənilərlə razılıq əldə etdikdən sonra siz görəcəksiniz biz birlikdə sülh və zənginlik şəraitində yaşaya bilirik. Və sizin müdaxiləniz olmadan…

Anlaşılmaq ümidilə,

Cb. Azər HƏSRƏT
Jurnalist, insan haqları və vətəndaş cəmiyyəti fəalı
Azərbaycan parlamenti üzvlüyünə keçmiş namizəd

Məktubun ingiliscə orijinalını Azər Həsrətin şəxsi saytından oxumaq olar: An Open Letter to the Congressmen Tony Cárdenas, Adam Schiff and Brad Sherman. Azərbaycan dilinə qeyri-rəsmi tərcümə məktubun müəllifinə aiddir.

Twitter üzərindən göndərilib: @RepCardenas @RepAdamSchiff @BradSherman @RepGusBilirakis @RepJudyChu @RepAnnaEshoo @YoungKimCA @CongressmanRaja @RepAndyLevin @RepZoeLofgren @FrankPallone @RepKatiePorter @janschakowsky @RepSpeier @dinatitus @RepDavidValadao

Mission News Theme by Compete Themes.