Bayraqdar.info – Sentyabrın 27-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təmsilçiləri – Stefan Viskonti (Fransa), Endryü Şofer (ABŞ) və İgor Xovayevin (Rusiya) ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə baş müavini Derek Hogan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə böyük direktoru Amanda Sloutla görüşü olub. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Xəbər bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən daxil olub.
Görüş iştirakçıları ötən həftə BMT Baş Məclisi keçirilərkən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından sonra ilk görüş keçirməsini uğur kimi qeyd ediblər. Onlar eyni zamanda bildiriblər ki, sentyabrın 27-si Qarabağ münaqişəsində intensiv hərbi əməliyyatların bərpa edilməsinin ildönümüdür. İştirakçılar bu münasibətlə tərəflərə öz başsağlığı diləklərini ifadə ediblər.
İştirakçılar geniş və əhatəli həll yolu haqqında da fikir mübadiləsi aparıblar. Onlar iki ölkə arasındakı bütün məsələlərin həllinin bölgə ölkələrinin birlikdə və sülh şəraitində yaşamasını təmin edəcəyini bildiriblər.
D.Hogan və A.Slout Azərbaycanla Ermənistanın birbaşa dialoq cəhdlərini alqışladıqlarını bildirib. Onlar bu yanaşmanın bölgədə təhlükəsizliyi, sabitliyi və zənginləşməni təmin edəcəyini qeyd edib. Hər iki şəxs ABŞ-ın Qarabağ münaqişəsindən irəli gələn məsələlərin həllində Azərbaycan və Ermənistanla, həmçinin həmsədrlərlə işləmək niyyətini bir daha qeyd ediblər. Bildiriblər ki, həbs edilən, itkin düşən şəxslərin məsələləri, eləcə də humanitar mina təmizləmə cəhdləri istiqamətində birgə işləmək gərəkdir.
Göründüyü kimi, ABŞ tərəfi bir daha münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycanı nəzərdə tutur. Eyni zamanda Qarabağın statusu məsələsi haqqında heç nə deyilmir. Bu isə o deməkdir ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri, eyni zamanda super dövlət olaraq Azərbaycanın Qarabağa heç bir status verilməyəcəyi ilə bağlı mövqeyini qəbul edir. Əlbəttə, bu gerçəkliyi Ermənistan da tezliklə qəbul etsə bölgədə qalıcı sülh və qarşılıqlı anlaşma bərpa ediləcək. Əks təqdirdə Ermənistanla bərabər Qarabağdakı bir ovuc erməni də əziyyət çəkməyə davam edəcək.
Əlavə edək ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatlar Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatdıqdan sonra ABŞ Qarabağ erməniləri üçün hər hansı statusla bağlı rəsmi istək ifadə etməyib. Yalnız ABŞ-ın Ermənistandakı səfiri ikidə bir Azərbaycan sərhədinə gələrək öz dövlətinin rəsmi mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verir ki, bunu da sadəcə Ermənistanı bir balaca ruhlandırma cəhdi kimi qəbul etmək olar. Nə qədər də olmasa Ermənistan savaşın biabırçı məğlub tərəfi olaraq ciddi sarsıntı içindədir. Görünür, ABŞ belə gedişlərlə bu ölkəyə azacıq da olsa mənəvi yardım etdiyini göstərmək istəyir…