Press "Enter" to skip to content

Qırğızıstanla Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir

Bayraqdar.info – Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev arasında görüş olub. Görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 25-də XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına daha da təkan verəcəyi qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir C.Bayramov 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, habelə mina təhlükəsi barədə danışıb, eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Nazir R.Kazakbayev ölkəsinin Prezidentinin Qırğızıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə ünvanladığı təbrik məktubunun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.