Bayraqdar.info – Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin doğum günü münasibəti ilə mərasim keçirilib.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən xəbər verilib.
Xəbərdə bildirilir ki, Nazirliyin Xətai və Suraxanı rayonları icra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər, məktəblilər İkinci Şəhidlər xiyabanında olublar. Onlar igid zabitin məzarı önünə əklillər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
“Respublikanın ərazi bütövlüyünün qorunması və bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
“Tədbirdə şəhidin həyat və döyüş yolundan danışılıb. Rəşad Quliyev 23 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Əslən Quba şəhərindəndir. 2000-ci ildə C.Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
“Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.
“Nəzərə çatdırılıb ki, Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıqlar, şəxsi rəşadət və şücaət nümunələri göstəriblər.
“2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalan tabor komandiri həm sağlığında, həm də ölümündən sonra dövlət səviyyəsində yüksək qiymətləndirilib, döyüş ordeni və medalları ilə təltif olunub.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov şəhid Rəşad Quliyevlə bağlı xatirələrini bölüşüb.
“Nazirliyin əməkdaşı polkovnik Elvin Əzizov Vətən müharibəsi şəhidlərinin hər birinin xatirəsinin əziz tutulduğunu və onların xatirə tədbirlərinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini deyib.
“Məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
“Şəhid zabitin anası Mətanət Quliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Nazirliyin rəhbərliyinə minnətdarlıq edib. Şuşa şəhərinə səfər təəssüratlarını danışaraq möhtəşəm Zəfərin qazanılmasında şəhid oğlunun da xidmətlərinin olduğuna görə qürur hissi keçirdiyini qeyd edib və gəlini Afət xanımla birlikdə nəvələri Damla ilə İncini şəhid atalarının adına layiq övlad kimi tərbiyə edəcəklərinə söz verib.
“Tədbir hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb”, – deyə xəbərdə qeyd edilib.