Son yeniləmə: 24 Sentyabr 2021 19:31
Bayraqdar.info – BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində 24 sentyabr 2021-ci il tarixində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr aparılıb.
XİN-in Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.
“İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur”, – deyə məlumatda qeyd edilir.
Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.