Press "Enter" to skip to content

Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı

Bayraqdar.info – III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc pianoçu Vurğun Vəkilovun iştirakı ilə fortepiano musiqisi axşamı baş tutub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 24-də Mədəniyyət Nazirliyindən xəbər verilib.

Xəbərdə bildirilir ki, Vurğun Vəkilov 1998-ci ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq və respublika müsabiqələrinin, o cümlədən VIII Beynəlxalq “Citta di Pesaro” müsabiqəsində (İtaliya, Pesaro, 2011), Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsinin (Fransa, Annemas, 2016) laureatı olub. 2017-ci ildən etibarən təhsilini Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris-Alfred Cortot” Musiqi Akademiyasında, Rena Şereşevskayanın sinfində davam etdirir.

Azərbaycan Dövlət Milli İncəsənət Muzeyində keçirilən fortepiano musiqi axşamında V.Vəkilovun həzin və romantik ifasında Modest Musorqskinin “Sərgidən şəkillər” silsiləsi, Friderik Şopenin valsları, Sergey Prokofyevin 4 saylı sonatası, Qara Qarayevin prelüdləri səslənib.

Mission News Theme by Compete Themes.