Press "Enter" to skip to content

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlər toplantısı – VİDEO

Bayraqdar.info – Sentyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib.

Bu barədə bayraqdar.info-ya sentybarın 24-də XİN-dən məlumat verilib.

“İclasın açılışında BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid və BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəsi Kourteni Ratrey çıxış ediblər. İclasda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. İclasın nəticəsi olaraq Nazirlər Bəyannaməsi qəbul edilib”, – deyə məlumatda bildrilib.

Qeyd edilib ki, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdinin sədrliyi ilə keçirilmiş tədbirdə nazir Ceyhun Bayramov nitqlə çıxış edib. C.Bayramov çıxışında səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayıb. O, ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı beynəlxalq dəniz ticarət limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılmasında davamlı səylər göstərdiyini bəyan edib.

Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub. Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb.

LLDC qrupu əsasən Asiya və Afrika qitələrini, qismən də Avropa və Cənubi Amerikanı təmsil edən müxtəlif inkişaf səviyyəsinə malik 32 ölkəni birləşdirir.

Nazir C.Bayramovun Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin xarici işlər nazirlərinin illik Nazirlər Toplantısında çıxışı:

Mission News Theme by Compete Themes.