Press "Enter" to skip to content

ABŞ-ın belə mövqe nümayiş etdirməyə mənəvi haqqı yoxdur

Emin Həsənli

Bayraqdar.info – “Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatıb. Yəni, Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalaması, işğalçı ölkənin kapitulyasiya aktını qəbul etməsilə bitib. Azərbaycanın bu Qələbəsi ilə həm də Dağlıq Qarabağ adlanan ərazi subyekti, münaqişə və digər bu kimi məsələlər tarixin arxivinə atlıb. Lakin təəssüflər olsun ki, bəzi ölkələr, bəzi diplomatlar hələ də reallığı qəbul etməkdən zorluq çəkirlər.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu sırada ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də var: “Bu şəxs artıq ardıcıl neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını iddia edir. Əslində, onun bir neçə dəfə bu cür yersiz iddialar səsləndirməsi nə diplomatik, nə də etik baxımdan qəbul edilən deyil. Çünki hazırkı dövrdə gündəlikdə sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək məsələləri durur. Belə bir durumda ABŞ kimi ölkənin diplomat statusu daşıyan bir təmsilçisinin reallıqdan kənar, regionda yenidən gərginliyə xidmət edən əsassız fikirlər səsləndirməsi Azərbaycan cəmiyyətində haqlı etirazla qarşılanır”.

E.Həsənli ABŞ səfirinin davamlı olaraq bu cür əsassız bəyanatlar səsləndirməsinin digər bir məqamla da bağlı olduğunu deyib: “ABŞ səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır. Hər kəsə bəllidir ki, ABŞ münaqişənin mövcud olduğu 30 il ərzində nə güc mərkəzi, nə də ATƏT Minsk Qrupu həmsədrlərindən biri kimi onun ədalətli həlli istiqamətində bir dəfə də olsun əməli addım atmayıb. Vaşinqtonun bütün cəhdləri məsələnin konservasiyasına yönəlmişdi. Üstəlik ABŞ Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susub, göz yumub, Ermənistanın törətdiyi bütün biabırçılıqlar və özbaşınalıqlarını görməzliyə vurub. Bütün bunları xatırlatmaqla yanaşı bildirmək istəyirəm ki, bu gün Amerika səfirinin belə bəyanatlar verməsi onu göstərir ki, Vaşinqton erməni lobbisinin maraqlarını Cənubi Qafqaz regionuna daşımağa cəhd göstərir”.

Müsahibimiz bildirib ki, 30 illik passiv müşahidəçi olan ABŞ-ın bu gün belə mövqe nümayiş etdirməyə, tələblər irəli sürməyə mənəvi haqqı yoxdur.

Mission News Theme by Compete Themes.