Bayraqdar.info – XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti baş tutub. Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı “Xəzər dalğası” adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.
Xəbər sentyabrın 23-də bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.
“Konserti açan bəstəkar, Respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci il qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.
“Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında Respublikanın əməkdar artistləri – müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olub.
“Konsertdə Nikolay Rimski-Korsakovun “Seyrələn uçan buludlar”, Frans Leqarın “Cuditta” operasından Cudittanın mahnısı, Leo Delibin “İspan mahnısı”, Tomazo Albinoninin “Adajio”, Sərdar Fərəcovun “Elegiya”, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın bayramı” rəqs nömrəsi ilə tamamlanıb”, – deyə xəbərdə bildirilir.