Faiq Ələkbərli (Qəzənfəroğlu),
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Əgər Tehran hökuməti türklərin, o cümlədən Güney Azərbaycan türklərinin neçə minllik haqqını bərpa etməkdənsə, assimilyasiya siyasətinə davam edəcəksə, o zaman yeni bir türk dövlətinin yaranması qaçılmaz olacaqdır. Bizcə, artıq hazırda Güney Azərbaycan türklərinin də Təbrizdə yeni bir türk dövləti yaratmaqdan başqa yolu qalmayıb. Çünki ötən 40 il ərzində İslam dini adı altında hakimiyyəti idarə edən İran İslam rejimi ariyançı qılığından və türk düşmənliyindən əl çəkmədi. Bu isə o deməkdir ki, 54 illik Pəhləvilər rejimi kimi İran İslam hakimiyyətinin də türkün haqqını türkə vermək niyyəti yoxdur. Üstəlik, aşkar şəkildə türk düşmənliyi siyasətini də aparmağa davam edir.
Əgər 1925-ci ilə qədər pis-yaxşı bu dövlətdə hakim bir millət olan türklər bu gün nə milli-mədəni, nə də milli-məhəlli muxtariyyata rəva görülmürsə, o zaman tək yol yeni bir dövlət yaradıb sıfırdan başlamaqdır. Bir sözlə, vaxtilə özünün yaratdığı dövlətdə artıq bir əsrə yaxındır bütün haqq və azadlıqlardan məhrum olan şərəfli, qürurlu bir millətin yapa biləcəyi tək xilas yolu, əvvəllər də bunu dəfələrlə ortaya qoyduğu kimi, yeni bir türk dövlətçiliyinin əsasını qoymaqdır. Sadəcə, yeni bir türk dövləti bu dəfə hər hansısa bir türk boyunun öncüllüyü ilə deyil, kollektiv türk şüurunun nəticəsi olaraq meydana çıxmalıdır. Yəni türkün oğuz və qıpçaq boyları ortaq türk dünyagörüşündən, türklük şüurundan hərəkət edərək Azərbaycan mərkəzli türk dövlətçilyini yaratmaq üçün hərəkətə keçməlidirlər.
Yeni bir türk dövlətinin sərhədlərini, coğrafiyasını, bayrağını, idarəetməsini isə onun neçə min illik türk dünyagörüşü bəlirləyəcəkdir. Biz türklər hər zaman türklük şüuru ilə, türk fəlsəfəsi ilə dövlətimizi yaratdıq, böyütdük və ucaltdıq. İndi də türk xalqı eyni yoldan hərəkət edib yeni bir türk dövlətini yaradacaq, bizimlə bərabər olmaq istəyənlərə qapısını açıq tutacaq, düşmənlik edənlərə də layiqli yerini göstərəcəkdir.
Beləliklə, bizcə, yeni bir türk dövlətinin quruculuğu yolunda millətləşmə, dövlətləşmə və bütövləşmə dedikdə, aşağıdakılar nəzərdə tutumalıdır:
-Biz, millətləşmə dedikdə, yeni bir millət yaratmağı deyil, dünənə qədər var olmuş böyük türk millətimizin bütün sahələrdə (dil, tarix, mədəniyyət və s.) dirilişini dərk etməliyik;
-Biz, dövlətləşmə dedikdə dünyada ilk dəfə dövlətə sahib olmağı deyil, vaxtilə var olmuş dövlətlərimizin (Aratta, Kuti, Subar, Turukki, Manna, Midiya, Oğuzlar, Xəzərlər, Hunlar, Səlçuqlar, Baharlılar, Bayandurlular, Qızılbaşlılar, Əfşarlar, Qacarlar və b.) külləri içindəki qığılcımları tutuşdurmaq və növbəti bir türk dövlətini ortaya qoymağı idrak etməliyik;
-Biz, bütövləşmə dedikdə türk şüurumuzdakı bütün yad ideyalardan qurtulmağı, yad dövlətlərin tərkibində parça-parça yaşamağı bir kənara qoyub həm şüuri, həm də fiziki anlamda bir olmağı anlamalıyıq.
Demək istədiyimiz odur ki, millətləşmə, dövlətləşmə və bütövləşmə anlayışlarına qarşılıqlı şəkildə baxaraq, birinin o birisi ilə daim bağlılığını göz önündə tutaraq yeni bir türk dövləti yaratmaqdan başqa çarəmiz yoxdur.
Artıq bizlər nə Səfəviləri, nə Əfşarları, nə də Qacarları bərpa edə bilmərik. Çünki o dövlətlərimizin ilkin mahiyyəti ilə son mahiyyəti arasında xeyli fərqlər vardır. Bunu bizə edənlər təbii ki, türk düşmənləri oldular və həmin dövlətlərimizi, ən sonuncu olaraq da Qacar türk dövlətini əlmizdən aldılar. Artıq biz türklər, nə qədər də desək ki, İran Pəhləvilər, İran İslam rejimləri də bizim türk dövlətçiliyimiz üzərində qurulub, bu gerçəklik dövlətimizin artıq əlimizdən çıxması gerçəkliyini ortadan qaldırmır və qaldırmayacaq da. Ona görə də millətləşmə, dövlətləşmə və bütövləşmə üçlüyündən çıxış edərək yeni bir türk dövlətinin təməlini atmaq lazmdır.
Şübhəsiz, böyük Azərbaycanın bir hissəsində kiçik bir Azərbaycan Respublikasının mövcudluğu yaxın illərdə qurulacaq böyük türk dövlətinin əsas nüvəsidir. Bu, elə bir təbii gerçəklikdir ki, bütün dünya millətləri bir araya gəlib buna qarşı çıxsalar belə, yenə də Azərbaycan mərkəzli yeni böyük türk dövlətinin meydana çıxmasına əngəl ola bilməyəcəklər.
Çağdaş dövrdə Turan-İran məsələləri kontekstində Azərbaycanı bütövləşdirməyin əsasları
Əsrlərlə aparılan antitürk ideologiyanın nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin iş birliyi nəticəsində 1925-ci ildə türk Qacarların devrilərək yerinə ariyançı fars Pəhləvilərin hakimiyyətə gətirilməsi artıq heç kəsə sirr deyil. Bununla da əfsanəvi “İran”ın gerçəkçi bir İran dövlətinə çevrilməsi üçün ciddi zəmin hazırlanaraq türklərin ən azı min ildən çox idarə etdiyi bölgənin bilərəkdən farsçı-ariyançı “İran”a çevrilməsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq, öncədən də “İran” və “Turan” məsələlərində şüuru qarışdırılan türklər, o cümlədən türk aydınlar arasında “Arian” kimlikli Pəhləvilərin hakimiyyətə gətirilməsilə ziddiyyətli düşüncələr daha da dərinləşdi. Başqa sözlə, Qacarların devrilməsindən sonra (1925) türklər arasında “Türk Turanı” (Turanian) ilə yanaşı, ortaq vətən, mədəniyyət və dövlət kimlikli “İran” anlayışı şüurlarda yer tapmağa başladı. Bizcə, “İran” anlayışının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin əksəriyyəti bundan çıxış yolu kimi Arian-Fars kimlikli “İran”a qarşı, Türk-Turan kimlikli “Azərbaycan”ı ortaya qoydular. Yəni 1925-ci ildə türk Qacarlar dövlətini itirməyimizin nəticəsi olaraq ortaya çıxan ariyan-fars kimlikli “İran”a qarşı olaraq təskinliyimizi, daha sonra da xilasımızı türk Azərbaycanda aramağa başladıq. Çünki türk ulusu olaraq şüurumuzu dolaşdıran Fars-Arian “İran”ından qurtulmaq üçün ilk növədə Turan deyil, Bütöv Azərbaycan qurtuluş yolumuz kimi görünməkdədir.
Bu anlamda vaxtilə türk hökmdarlarının apardığı mücadilə və islahatlara da Turan çərçivəsində deyil, geniş mənada “İran”, dar anlamda isə Azərbaycan yönündən yanaşırıq. Bu zaman Azərbaycanı müdafiə etmək naminə də türk hökmdarlarının mücadiləsini və islahatlarını 1925-ci ilə qədər pis-yaxşı mövcud olan türk sülalələ dövlətlərinin “Turan” çərçivəsində deyil, 1925-ci ildən sonra hakimiyyətə gətirilmiş Pəhləvilərə nisbətdə Fars-Arian “İran”ı kontekstində görür, bu cür “İran”ı da yalnız 1925-ci ildən sonraya yox, bütün zamanlara şamil edərək Azərbaycanın daimi düşməni kimi qələmə veririk. Sovetlər Birliyinin və Pəhləvilərin Azərbaycan türklərinə qarşı apardığı aşağı-yuxarı eyni siyasət nəticəsində də Nadir Şah Əfşarlar, Şah İsmayıl Xətailər, Şah Təhmasiblər, Nadir Şah Əfşarlar, Ağa Məhəmməd Şah Qacarlar, bir sözlə, bütün türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də türkün və Azərbaycanın düşməni olurlar. Başqa sözlə, Sovetler Birliyində Stalinin, Pəhləvilərdə Rza Pəhləvinin apardığı siyasət Azərbaycan türklərinin kimliyinə yönəldilmiş, bunun nəticəsi olaraq dövriyyəyə saxta “İranlı” və “Azəri” kimliyi gətirilmişdir.
Ona görə də, Türkiyə və Azərbaycanın rəsmi tarixçiliyində 1925-ci ildən sonrakı “İran”a nisbətlə “İran şahları” kimi adı keçən bütün türk hökmdarları düşmən və işğalçı kimi qələmə verilirlər. Özəlliklə, Sovetlər Birliyi dövründə yazılan rəsmi “Azərbaycan tarixi” kitablarında 1925-ci ildən sonrakı “İran”a nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, son min il ərzində bu coğrafiyada türklərin hakimiyyət sürmələri nəzərə alınmadan bütünü Azərbaycana, Türkiyəyə bütünlükdə türklüyə düşmən kimi qələmə verilmişdir.
Ona görə də hesab edirik ki, “Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Özəlliklə də Nadir Şah Əfşar, ya da Ağa Məhəmməd Şah Qacar necə “yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər şeydən üstün saymış, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan etmiş, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində tutmuşdular? Yoxsa kimlərsə xəyal edirlər ki, Əfşarlar, ya da Qacarlar bu dövləti ingilis-amerikan-masson birliyinin əliylə hakimiyyətə gətirilən “Pəhləvilər”, ya da indiki şiəçi-farsçı mollalar üçün qurmuşlar? Əgər yalnız buna istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edənlər varsa, böyük yanlışlıq edirlər. Əgər bu gün türklər ən azı min ilə yaxın bir tarixdə hakimiyyət sürdükləri əfsanəvi, ya da gerçək Turan və İran coğrafiyalarında mövcud olan “İran İslam Respublikası”nda haqsız duruma düşüblərsə, bu, fars ya da farsdillilərin qəhrəmanlığı ilə deyil, ingilis-rus-alman qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.
Ona görə də, bu gün əfsanəvi, ya da gerçəkçi Turan və İran coğrafiyasında mövcud olan “İran İslam Respublikası”nın varlığını göz önündə tutaraq, üstəlik türklərin burada əsasən söz sahibi olmamasından çıxış edərək Səfəvilər, Əfşarlar və Qacarlardan imtina etməyimiz doğru deyildir. Çünki xarici qüvvələrin əliylə sonuncu Oğuz-Türk dövləti Qacarların yerinə hakimiyyətə gətirilmiş farsdilli “Pəhləvilər”lə mollalar türklər olmadan varlıqlarını sürdürə bilmək halında deyildir.
Hər halda, bugünkü “İran İslam Respublikası” adlı dövlətin hakimiyyətində türklər, özəlliklə Azərbaycan türkləri mühüm yer tutmaqdadır. Bir sözlə, türklər, o cümlədən Azərbaycan türkləri olmadan Pəhləvilər dönəmində olduğu kimi, “İran İslam Respublikası” böyük ölçüdə əhəmiyyətini itirir. Bunu, “İran İslam Respublikası”nda hakim qüvvə olan farsdilli molla rejimi də, onları vaxtilə türk Qacarların yerinə hakimiyyətə gətirmiş xarici qüvvələr də yaxşı bilirlər. Əgər bu gün türklər, o cümlədən bu millətin ana qolu olan Güney Azərbaycan türkləri “İran İslam Respublikası”ndan ayrılıb müstəqilliyini elan edərsə, “İran” adlanan ölkə demək olar ki, bitər.