Bayraqdar.info – 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması və onların xatirəsinin yad edilməsi istiqamətində “İrəli” İctimai Birliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu barədə bayraqdar.info-ya sentyabrən 23-də İctimai Bilrikdən məlumat verilib.
“Təşkilatın İdarə Heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Quba, Qusar, Neftçala, Biləsuvar, Masallı rayonunda yaşayan 10-dan çox şəhid ailəsi ilə görüşüb, Vətən müharibəsində öz canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub. Ziyarət zamanı birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin xatirəsi ehtiramla yad edilib. Görüşdə Vətən müharibəsində bütün xalqların nümayəndələri yaxından iştirak etməsi, əsgər və zabitlərimizin bir amal naminə xidmətlər göstərməsi qeyd olunub. Həmçinin vurğulanıb ki, dövlətin diqqəti və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək, şəhidlərimizin xatirəsini əziz tutmaq hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcudur”, – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla söhbətlər aparılıb, şəhid olmuş hərbçilərimizin döyüş yolundan, şücaət və qəhrəmanlığından danışılıb.
O da qeyd edilib ki, “İrəli” İctimai Birliyi tərəfindən ölkəmizin digər bölgələrində də qəhrəman şəhidlərimizin ailələri ilə görüşlər davam etdiriləcək.