Bayraqdar.info – Sentyabrın 22-də “Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyinin (KOİCA) dəstəyi ilə həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, KOİCA-nın Azərbaycan Nümayəndəliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun, təlim iştirakçıları iştirak ediblər. Tədbirdə layihə haqqında və əldə olunan nəticələr barədə təqdimat keçirilib.
Layihənin əsas məqsədləri pandemiya reallığını nəzərə alaraq ənənəvi xidmət müraciətlərinə alternativ olaraq elektron xidmətlərlə bağlı regionlarda yaşayan ölkə vətəndaşlarının məlumatlılığını və xidmətlərin əldə edilməsində savadlılığını artırmaq olub. 4 avqustda başlanmış layihə çərçivəsində Bakıda 10 nəfər, Gəncədə 301 nəfər, Şamaxıda 490 nəfər, Qubada 488 nəfər, Balakəndə 441 nəfər, Şəkidə 75 nəfər, onlayn vebinarlarda keçirilən təlimlərdə isə 138 nəfər, ümumilikdə 1 min 943 nəfərdən çox təlim iştirakçısı maariflənib. Layihənin icrası çərçivəsində təlimlər Dövlət Agentliyinin nümayəndələri tərəfindən aparılıb. İştirakçılara elektron və rəqəmsal hökumət, xidmətlər, Dövlət Agentliyi tərəfindən bu sahədə görülən işlər, “Elektron hökumət” və “myGov” portalları üzrə təlimlər keçirilib.
Təlim dövründə vətəndaşlardan anonim rəy sorğuları alınıb. Müvafiq sorğuların nəticələri Elektron Hökumətin İnkişafı Mərkəzinə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin artırılması və regionlarda elektron xidmətlərin əldə edilməsinin əsas problemlərinin həlli istiqamətində töhfə verilməsi üçün təqdim edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.