Press "Enter" to skip to content

USAİD-in son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd etməsi təsadüfi deyil

Bayraqdar.info – “Məlum olduğu kimi müasir Azərbaycanın ideoloji əsaslarının təşkil edən azərbaycançılıq ideologiyası özündə bir çox mühüm komponentləri birləşdirir. Müstəqillik illərində ölkəmizdə yaşan bütün xalqların bir bayraq ətrafında birləşməsinin əsasında da məhz bu ideologiya dayanır desək, heç də yanılmarıq. Ötən il 44 günlü Vətən müharibəsində əldə etdiyimiz qələbədə də bu ideologiyanın rolu var. Çünki milli-mənəvi dəyərlərinə sadiq, torpağını sevən, Vətəni uğrunda canından keçməyə hazır olan Azərbaycan gəncliyi fədakarlıq və vətənpərvərlik nümayiş etdirməklə böyük bir nümunə göstərdi.”

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, gəncliyin milli-mənəvi dəyərlər sadiqliyi hər zaman diqqət mərkəzində olub: “Təsadüfi deyil ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev azərbaycançılıq ideologiyasının müstəqil Azərbaycan dövlətinin ideoloji əsası kimi müəyyənləşdirərkən ölkəmizin reallıqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, əsrlərin dərinliyindən gələn ənənələrinə istinad etmişdi. Öz növbəsində cənab Prezident İlham Əliyevin siyasətində də bu məsələ ön sırada dayanır, həmçinin gənclərimizin milli-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinə xüsusi önəm verilir”.

Deputat bu məqamın Qərb dairələri, xüsusilə də ABŞ-da bəzi narahatlıqlar doğurduğunu da deyib:

“Bildiyiniz kimi, bu gün Qərbdə dəyərlərin aşılandığının şahidiyik. Bir sıra cəmiyyətlərdə yaşlı insanlar, yumşaq desək, çıxdaş edilirlər. Lakin bütün bunların fonunda Azərbaycan cəmiyyəti öz ənənələrinə hörmətlə yanaşır, tarixi yaddaşını qoruyur və gələcəyini layiqli keçmişi üzərində qurmağa üstünlük verir. Təbii ki, bu da Qərbdəki bəzi dairələri, o cümlədən ABŞ-ı narahat edir. Elə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəzi addımları da bunu deməyə əsas verir. Belə ki, səfirlik məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmə gətirməklə Azərbaycanda qondarma problemlər icad etməyə və xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirir”.

Birləşmiş Ştatların bu istiqamətdəki növbəti “manevri” isə seksual azlıqların təbliği ilə bağlıdır. İlham Məmmədov deyib ki, ABŞ Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmağa, bununla da ölkəmizdə seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmağa, uşağları seskual həyata cəlb etməyə, eynicinslilərin nigahını rəsmiləşdirməyə və digər bu kimi xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan meylləri əsrlərlə formalaşmış həyat tərzimizə hakim kəsməyə çalışır: “Bu isə qətiyyən yolverilməzdir. Görünür 44 günlük Vətən müharibəsində göstərilən bilrik, bərabərlik, milli-mənəvi dəyərlərə bağlılıq işğalçı Ermənistanla yanaşı, Qərbin bəzi dairələrini də narahat edib. Beləliklə, həmin dairələr Azərbaycanda mənəvi deqradasiyanı təşviq etmək üçün hərəkətə keçiblər”.

Millət vəkili vurğulayıb ki, bu baxımdan USAİD-in son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd etməsi təsadüfi deyil: “Bildiyiniz kimi USAİD ABŞ-ın belə məsələlərdə əsas təsir mexanizmlərindən biridir. Bu təşkilatın son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd etdiyi müşahidə olunur ki, bunu da təsadüfi saymaq olmaz. Yəni, ABŞ səfirliyi məhz bu təşkilatın xətti ilə sözügedən istiqamətdə layihələr həyata keçirtməyə çalışır. Lakin bütün bu cəhdləri əbəsdir. Çünki Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə sadiqdir və buna zidd olan heç bi addımı qəbul etmir”.

Mission News Theme by Compete Themes.