Bayraqdar.info – Türk Keneşi katibliyi, Azərbaycan və Özbəkistan arasında avtomobil istehsalı xətti üçün birgə investisiya layihəsinin başlamasını alqışlayır. Bu barədə katiblikdən verilən məlumatda deyilir.
Vurğulanır ki, Türk Keneşi katibliyi Azərbaycanda “Chevrolet” avtomobilləri və “SamAuto” avtobuslarının istehsal xəttinin başlamasından məmnundur. Bildirilir ki, katiblik bu uğuru son iki ildə Türk Keneşinə üzv iki ölkə arasında sıx əlaqələrin sevindirici nəticələrindən biri hesab edir.
Qeyd edilir ki, Azermash SR, UzAuto Motors SC və SamAvto BM MMC arasında istehsal xəttinin açılışı 17 sentyabr 2021 -ci ildə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Baş nazirinin müavini Cəmşid Kuçkarovun iştirakı ilə Azərbaycanın Hacıqabul şəhərində keçirilib.
Tərəflər arasında 21 iyul 2021-ci ildə imzalanan müqavilə ilə illik istehsal gücü 6000 ədədə qədər olan layihənin həyata keçirilməsi rəsmiləşdirilib. Bu ilin aprelində Hacıqabul sənaye zonasının açılış mərasimi Prezident İlham Əliyev iştirakı ilə gerçəkləşib.
“Birgə investisiya layihəsinin bölgədə sahibkarlığın inkişafına, iş yerlərinin açılmasına və türk dövlətləri arasında ticari və iqtisadi əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə inanırıq”, – deyə məlumatda qeyd olunur.