Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan Azərbaycan, Kıbrıs, Krım və uyğurlar barədə

Bayraqdar.info – “Bir həll üçün, adanın əsas ünsürü olan Kıbrıs türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydiyyata alınması vacibdir. Kıbrıs Türk xalqının ortaya qoyduğu yeni həll təklifini dəstəkləyirik. Buradan beynəlxalq ictimaiyyəti Kıbrıs türklərinin fikirlərinə açıq və önyarğısız yanaşmağa çağırıram.”

KKTC-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib.

Kıbrıs məsələsinin ədalətli, daimi və davamlı həllinin yalnız nəticəyə yönəlmiş, realist yanaşma ilə mümkün olduğunu deyən R.T.Erdoğan daha sonra bildirib: “BMT tərəfindən bərabər olaraq qəbul edilən adadakı iki xalqdan birinin lideri sizə müraciət edə bilsə də, digər liderin bu platformada səsini eşitdirə bilməməsi ədalətli deyil”.

Türkiyə Cümhuriyyətin Cümhurbaşqanlığından verilən məlumata görə, R.T.Erdoğan çıxışında digər vacib məqamlara da toxunub. Belə ki, son zamanlarda Qafqazda sabitlik baxımından əhəmiyyətli addımların atıldığını ifadə edən R.T.Erdoğan daha sonra bunları əlavə edib: “Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir icra olunmayan qərarlarının mövzusu olan öz ərazisinin işğalına son qoydu. Bu, eyni zamanda bölgədə davamlı sülh üçün yeni imkanlar açılmasına təkan verdi. Tərəflərin atdığı hər bir müsbət addımı dəstəkləmək əzmindəyik”.

Dünyanın ali tribunasından Ukraynanın ərazi bütövlüyünü bir daha dəstəkləyən Türkiyə Cümhurbaşqanı bildirib: “İlhaqını tanımadığımız Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına əhəmiyyət veririk”.

Türkiyənin dövlət başçısı uyğur türklərinin hüquqları məsələsinə də xüsusi olaraq toxunub: “Çinin ərazi bütövlüyü perspektivində müsəlman uyğur türklərinin əsas hüquqlarını qorumaq üçün daha çox səy göstərilməsinin vacib olduğuna inanırıq”.

Mission News Theme by Compete Themes.