Mübariz Ağalarlı, ADPU-nun dosenti
Zaman-zaman İranın bəzi rəsmi şəxslərinin, elm adamlarının, millət vəkillərinin, xüsusilə də dini rütbəli insanlarının Azərbaycan dövlətinə yönəlik haqsız, etikadan kənar, məntiqsiz çıxışları və ədalətsiz mövqe nümayişi xalqımız arasında həmişə təəssüf hissi və narahatlıqla qarşılanmışdır. Bu çıxışlarda Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı narahatedici məqamlar ifadə olunmuş, yersiz iddialar yer almışdır. Hətta bir qrup İran alimi qırmızı xətti keçərək Azərbaycan Respublikasının şəhərlərinin İran şəhərləri olduğunu absurd şəkildə dəfələrlə dilə gətirmiş, öz qeyri-elmi illuziyalarını əsaslandırmağa çalışmışlar. Hal-hazırda İranda fəaliyyət göstərən Arran elmi-tədqiqat mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə qarşı təxribat xarakterli, qeyri-obyektiv araşdırmalar aparılır və dünya ictimaiyyətinə təqdim olunur. Azərbaycan adını həzm edə bilməyən və dövlətimizə Arran adı qoymağa cəhd edən bu qurumun saxta və qeyri-obyektiv araşdırmalarına və təbliğatına qarşı alimlərimiz müxtəlif beynəlxalq və yerli elmi müstəvilərdə dəfələrlə tutarlı cavab veriblər. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu qeyri-səmimi davranışlar mütəmadi olaraq din xadimləri və siyasilər tərəfindən də həyata keçirilir.
Bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsi İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin təşvişinə səbəb olub. Bu din rəhbərinin üç müsəlman ölkəsinin birgə təlim keçirməsindən bu qədər narahat olması başa düşülən deyildir. Bu düşüncəyə sahib şəxslər hələ də anlamırlar ki, Azərbaycan müstəqil dövlətdir və öz suveren ərazilərinin təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüquq normaları çərçivəsində istənilən haqqa sahibdir və istənilən dövlətlə əməkdaşlıq edə bilər. Digər tərəfdən, uzun illər boyu Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman məscidlərini donuz tövləsinə çevirən erməni faşist rejimi ilə hərbi-siyasi və iqtisadi sahələrdə əməkdaşlıq edən İran dövlətinə qarşı loyallıq nümayiş etdirən Azərbaycanın davranışlarına rəğmən, İran rəsmisinin üç müsəlman dövlətinin əməkdaşlığına qarşı bu cür aqressiv davranışı məntiqsiz və gülüncdür.
Təəssüf doğuran məqamlardan biri də odur ki, İran tərəfindən verilən bəyanatlarda etik çərçivə aşılaraq Azərbaycanın siyasi şəxsləri bu və ya digər formada təhqir olunur. Bu dindar insanlar anlamalıdırlar ki, hər hansı bir dövlətin millət vəkilini, rəsmi yetkilisini təhqir etmək dini və siyasi etika normalarına ziddir. Bu davranış dolayısı ilə həmin dövlətin xalqını təhqir etmək deməkdir və bu yolverilməzdir. Bu cür davranışlar dövlətlərarası münasibətlərə xələl gətirməklə yanaşı, eyni zamanda Azərbaycan xalqında müsəlman qonşusuna qarşı mənfi fikirlərə yol açır.
Tarixdən məlumdur ki, beş min ildən çox yaşı olan Azərbaycan dövlətçiliyi təkcə ölkəmizin siyasi-iqtisadi və mədəni inkişafı ilə hüdudlanmamış, mövcud qonşu xalqların və dövlətlərin tarixi-mədəni inkişafının formalaşmasında əvəzolunmaz töhfələr vermişdir. Bu gün də Azərbaycan Respublikası İran da daxil olmaqla bütün dövlətlərin, xüsusilə də qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu dövlətlərin sosial-iqtisadi və mədəni həyatının inkişafında öz laiyiqli töhfələrini verir. Bu baxımdan ölkəmiz bütün dövlətlərlə beynəlxalq qanunlar çərçivəsində və qarşılıqlı hörmət əsasında müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyini dəfələrlə bəyan etmişdir.
Azərbaycan Respublikasının II Qarabağ savaşında böyük qələbə qazanaraq işğal olunmuş ərazilərimizi düşməndən azad etməsi bəzi qonşularımızı narahat etməkdədir. Azərbaycana qarşı bu cür aqressivlik nümayiş etdirən dövlətlər və məsul şəxslər öz yersiz narahatlıqlarına son qoymalı, sərgilədikləri orta əsr feodal təfəkküründən uzaqlaşaraq ölkəmizlə normal münasibətlərini populizm və nəzəri bəyanatlarla deyil, əməldə sübut etməlidirlər.