Press "Enter" to skip to content

Türk Keneşinin futbol federasiyaları da bir araya gələcək

Bayraqdar.info – Sentyabrın 20-də Daşkənddə Türk Keneşinin gənclər və idman sahəsinə məsul nazirlərinin V toplantısı keçirilib. Türk Keneşinin katibliyindən verilən məlumata görə, toplantı Özbəkistanın Gənclərlə İş üzrə Agentliyinin direktoru Alişer Sadullayev və Türk Keneşinin Baş katibi Bağdad Amreyevin ev sahibliyi ilə baş tutub.

Moderatorluğunu Türk Keneşinin Baş katibi B.Amreyevin etdiyi toplantıda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Aida Balayeva, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi tabeliyindəki Gənclərlə iş, bədən tərbiyəsi, mədəniyyət və idman üzrə Dövlət Agentliyinin direktor müavini Soiuzbek Nadırbəyov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin İdman Diplomatiyası üzrə baş direktoru Istvan Iglói-Nagy iştirak edib.

Çıxış edən B.Amreyev Türk Keneşi daxilində gənclər və idman sahəsində atılan addımlar barədə ətraflı məlumat verib.

Toplantıda çıxış edən nazirlər gənclərin ölkələr üçün önəmini vurğulayaraq, bütün sahələrdə gənclərin rolunun daha da artırılmasının vacibliyini qeyd ediblər.

Çıxışlarda Türk Keneşi 1-ci Gənc Sahibkarlar Forumunun keçirilməsinin əhəmiyyəti də vurğulanıb. Nazirlər Türk Keneşi 2-ci Gənc Sahibkarlar Forumunun 2023-cü ildə Türkiyədə keçirilməsinə qərar veriblər. Həmçinin bu forumun hər iki ildən bir keçirilməsi qərarlaşdırılıb.

Bundan başqa iclasın yekununda 2022-ci ildə Gənclər platforması baş assambleyasının, 4-cü Beynəlxalq gənclər festivalının eyni vaxtda Qazaxıstanda, 5-ci Beynəlxalq gənclər düşərgəsinin Azərbaycanda, 4-cü Gənc Liderlər Forumunun Özbəkistanda, Gənç Könüllülük Təhsil Proqramının Türkiyədə keçirilməsi qərara alınıb. Həmçinin, Türkdilli Ölkələrin İdman Könüllüləri Zirvəsinin Azərbaycanda, 4-cü Dünya Köçəri Oyunlarının Türkiyədə və 2-ci Türk universiadasının Qazaxıstanda keçirilməsi qərarlaşdırılıb.

Bununla yanaşı, iştirakçılar “Türk Keneşi çərçivəsində gənc işçilərin çoxtərəfli və ikitərəfli mübadiləsi proqramları üzrə əməkdaşlıq barədə anlaşma memorandumu” imzalayıb.

B.Amreyev, eyni zamanda Türkmənistan və müşahidəçi statuslu dövlət Macarıstan daxil olmaqla Türkdilli ölkələrin futbol federasiyaları/birlikləri arasında yeni başlayan əməkdaşlıqla bağlı məlumat verib.

Nazirlər toplantısının gündəliyindən kənarda həmçinin Beynəlxalq Teqbol Federasiyası Macarıstanın başlatdığı yeni idman intizamı olan Teqball-ın təqdimatını edib.

Tərəflər, 2022-ci ildə Macarıstanda Türk Keneşi 1-ci Teqbol Turnirinə başlamağı qərara alıblar.

Bundan başqa hər il bir şəhərin türk dünyasının gənclər paytaxtı olması, 2022-ci ildə bu statusun Özbəkistana, 2023-cü ildə isə Türkiyəyə verilməsi barədə razılığa gəliblər.

Nəhayət nazirlər 2022-ci ildə 4-cü Dünya Köçəri Oyunlarının Türkiyədə keçiriləcəyini əsas götürərək Türk Keneşinin gənclər və idman sahəsinə məsul nazirlərinin 6-cı toplantısının da Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Mission News Theme by Compete Themes.