Bayraqdar.info – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Mədəniyyət Nazirliyi və teatro.az sənət portalının birgə təşkil etdiyi festivala hazırlaşır. 44 günlük Zəfər tariximizi əks etdirən festival “4.4 Qısa Tamaşalar Festivalı”(QTF) adlanır.
Bu barədə bayraqdar.info-ya teatrdan məlumat verilib.
Bildirilib ki, teatr festivalda “Zəfər yolu” adlı yeni tamaşa ilə çıxış edəcək. Əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva, aktyor Anar Seyfullayev və başqalarının iştirak edəcəyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, rejissor assistenti Rahib Axundov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskovdur.
Qeyd edilib ki, tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan Azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir. Ön cəbhədə gedən gərgin döyüşlər qələbəyə hər gün bir addım daha yaxınlaşdıqca arxa cəbhədə qürurla izlənir, ölkənin taleyüklü dönəmində nümayiş etdirilən həmrəyliyimiz elə tamaşanın da ana xəttinə çevrilir.