Bayraqdar.info – “Azərbaycanda idmanın inkişafı üçün dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Təbbi ki, bu sırada idmanın futbol növü də var. Hesab edirəm ki, istənilən sahənin, o cümlədən də futbolun inkişafında dövlətin dəstəyi ilə yanaşı cəmiyyətin də fəallığı mühüm rol oynaya bilər.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Bakı Karagümrük Uşaq Futbol Məktəbinin rəhbəri Salman Atluxanov deyib.
Öncə futbola, xüsusilə də uşaq futboluna marağın heç də təsadüfi olmadığını deyən Salman Atluxanov bildirib ki, o da uşaq yaşlarından futbolla maraqlanıb: “Uşaq yaşlarımdan Qusarda “Şahdağ” uşaq futbol klubuna yazıldım. İlk məşqçim Şərafəddin Məmmədovdan futbolun sirlərini öyrəndim. 2011-ci ildə Bakı Futbol Akademiyasına seçildim və 2016-cı ilə qədər burada futbolun sirlərini daha da yaxşı öyrənərək təkmilləşdim”.
2016-cı ilin yayından başlayaraq 5 il müddətində Türkiyənin müxtəlif futbol klublarında oynayan müsahibimiz sonra Vətənə dönərək Bakı Karagümrük Uşaq Futbol Məktəbinin yaradılmasına rəhbərlik edib.
Onun sözlərinə görə, Bakı Karagümrük Uşaq Futbol Məktəbi iki tərəf arasında bağlanan müqavilə əsasında bu il iyulun 1-dən Azərbaycanda fəaliyyət göstərir: “Hazırda Bakı Karagümrük Uşaq Futbol Məktəbində 30-dan çox uşaq futbolun sirlərini öyrənir. Həmin uşaqlarla 3 məşqçi işləyir”.
Salman Atluxanov deyib ki, gələcəkdə bu cür uşaq futbol məktəblərinin rayonlarda da yaradılması nəzərdə tutulub: “Bir sözlə, uşaq futbolunun inkişafı üçün Türkiyə təcrübəsindən yararlanmaq niyyətindəyik”.