Press "Enter" to skip to content

Türkiyə Maarif Vəqfinin Cənubi Afrikadakı ilk məktəbi

Bayraqdar.info – Türkiyə Maarif Vəqfinin Cənubi Afrikadakı ilk təhsil sərmayəsi olan “Beynəlxalq Cənubi Afrika Maarif Məktəbləri”nin açılışı olub. Ölkənin ən böyük şəhəri olan Yohannesburqdakı məktəbin açılış mərasiminə Türkiyənin Pretoriyadakı səfiri Ayşegül Kandaş və səfirlik rəsmiləri, türk qurumlarının nümayəndələri, məktəbin pedoqoji heyəti qatılıb.

Türkiyə mətbuatının məlumatına görə, açılış nitqində səfir A.Kandaş bu tədbirdə iştirak etməkdən məmnun olduğunu ifadə edib: “Maarif Vəqfi türk təhsil sisteminin dünyadakı lider markası olmaq məqsədi ilə bu sahədə Türkiyənin dünyaya açılan qapısı halına gəldi”.

A.Kandaş, 44 ölkədə ümumilkdə 377 məktəbdə müvəffəqiyyətli təhsil fəaliyyətləri həyata keçirən Maarif Vəqfinin, Cənubi Afrikada müasir standartlara uyğun yüksək keyfiyyətli təhsil vermək idealına davam edəcəyini bildirib.

Açılışa video konfrans vasitəsi ilə qatılan Türkiyə Maarif Vəqfinin başqanı Prof. Birol Akgün bu təhsil yatırımının Türkiyə-Cənubi Afrika əlaqələrinin inkişafına dəstək verəcəyini ifadə edib. Bir təşkilat olaraq Cənubi Afrikaya verdikləri önəmi ifadə edən B.Akgün, gələcəkdə bu ölkədə yeni məktəblər açmağı planlaşdırdıqlarını qeyd edib.

Qeyd edilib ki, bu təhsil müəssisəsi bağça, ibtidai və orta məktəb səviyyələrində 250 şagirdə xidmət göstərəcək.

Mission News Theme by Compete Themes.