Press "Enter" to skip to content

Nazir müavini Şirvanda yeni tikilmiş məktəbin açılışında

Bayraqdar.info – Sentyabrın 20-də Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak edib.

Məlumat sentyabrın 20-də bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Məlumatda bildirilib ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbə hazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Mission News Theme by Compete Themes.