Press "Enter" to skip to content

Milli Konservatoriyada musiqi bayramı qeyd edilib

Bayraqdar.info – Sentyabrın 18-də – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib. Milli Konservatoriyanın həyətində musiqi bayramı münasibətilə konsert proqramı təqdim olunub.

Bu barədə xəbər bayraqdar.info-ya sentyabrın 20-də Mədəniyyət Nazirliyindən verilib.

Xəbərdə qeyd edilir ki, əvvəlcə tədris ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan Milli Musiqi Gününün önəmindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, bu il musiqi bayramı ölkəmizdə xüsusi ab-havada, qələbə ruhu ilə qeyd olunur, Üzeyir bəyin əsərləri Şuşada səslənir.

“Mədəniyyət naziri Anar Kərimov hər il ənənəvi olaraq Milli Musiqi Günündə açılışı keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ölkəmizin, mədəniyyətimizin dünyada tanıdılmasında əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Milli Musiqi Günü və Üzeyir bəyin adını daşıyan festivalın ilk konserti bu gün onun doğma şəhərində, azad Şuşada keçirilir. Festivalın konsertləri Ağdamda, Gəncədə də təşkil ediləcək.

““Artıq biz Şuşada – mədəniyyət paytaxtında “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik. Beləliklə, Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını və ölməz əsərlərini bir daha dünyaya təqdim edəcəyik”, – deyə nazir vurğulayıb.

“Nazir çıxışının sonunda bir daha bütün musiqi sevərləri əlamətdar gün münasibətilə təbrik edib.

“Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında Ü.Hacıbəylinin musiqisinin hər zaman bizimlə olduğunu vurğulayıb. O, Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatmasının Üzeyir bəyin dühasının məhsulu olduğunu bildirib. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir.

“Sonra musiqi proqramı təqdim edilib. Konservatoriya Xalq çalğı alətləri orkestrinin müşayəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Rəvanə Əmiraslanova və Aytən Məhərrəmovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

Mission News Theme by Compete Themes.