Press "Enter" to skip to content

Bu kateqoriyadan olan şəxslərə davamlı dövlət dəstəyi göstərilir

Bayraqdar.info – “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər ölkəmizin mərd oğullarının qəhrəmanlıq dastanıdır. Məhz bu Zəfər nəticəsində topraqlarımız işğaldan azad edildi və xalqımız bu qəhrəmanları heç zaman unutmayacaq.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, o cümlədən Vətən Müharibəsi qəhrəmanları və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların ailə üzvlərinə davamlı dövlət dəstəyi göstərilir: “Məlumat üçün bildirim ki, 26 noyabr 2020-ci il tarixli Qanunla təsis edilən “Vətən Müharibəsi Qəhrəmanı” adı ölkəmizin ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həmçinin, 30 dekabr 2020-ci il tarixli Fərmanla onlara Prezidentin təqaüdü (aylıq məbləği 2 000 manat) təsis edilib”.

Millət vəkili bu yüksək qayğının davamı olaraq, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamına əsasən bu kateqoriyadan olan şəxslərin də ƏƏSMN tərəfindən mənzillə təminatına başlanıldığını deyib: “Belə ki, sentyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu da dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin şəhid ailələrini, qaziləri, Vətən Müharibəsi Qəhrəmanlarını və onların ailə üzvlərini, bir sözlə müharibə iştirakçılarını daim diqqətdə saxladığının daha bir təsdiqidir. Bu məqamda xatırlatmağı özümə borc bilirəm ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub. O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da qeyd olunan şəxslərin mənzil və fərdi evlə təminatı proqramının 2021-ci ildə 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən 2021-ci il üzrə artıq 1600, ümumən ötən dövrdə 11 minə yaxın  mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Həmçinin bu il daha 100 avtomobil, indiyədək 7300-dək avtomobil müharibə əlillərinə verilib. İndiyə kimi görülən işlər onu deməyə əsas verir ki, bu kateqoriyadan olan şəxslərə dövlət qayğısı davamlı olacaq”.

Mission News Theme by Compete Themes.