Bayraqdar.info – AMEA alimləri Avropa Komissiyasının Horizon 2020 elmi qrant layihəsi çərçivəsində Türkiyənin İnsan Doğramacı adına Bilkənt Universitetində elmi ezamiyyətdə olublar.
Bu barədə bayraqdar.info-ya sentyabrın 20-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov və elmi əməkdaşı İlahə Nehmətova, “Orta əsrlər şöbəsinin” elmi əməkdaşı t.ü.f.d. Namiq Hüseynli, “Antik dövr arxeologiyası” şöbəsinin elmi əməkdaşları Cavid Bayramov, Nərmin Məmmədli, Nərmin Bayramova və Lola Hüseynova, “Eneolit və erkən tunc dövrü” şöbəsinin elmi əməkdaşı Əjdər Babazadə, “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi əməkdaşı Gunay Bayramova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya elmi fond” şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə 29 iyul — 12 sentyabr 2021-ci il Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin İ.Doğramacı adına Bilkənt Universitetində elmi ezamiyyətdə olublar.
“Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans ad. Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovdur.
“Ezamiyyətin əsas məqsədi elmi tədqiqat, biliyin mübadiləsi, elmi seminarların keçirilməsi və gənc alimlər üçün təlimlərin təşkil olunması idi.
“Alimlər Bilkənt Universitetinin Arxeologiya bölümündə elmi seminarlarda iştirak ediblər. Seminar Arxeologiya bölümünün prehistorik bölməsinin rəhbəri dosent, PhD Tomas Zimmermann tərəfindən həyata keçirilib. İlk seminarda T.Zimmermann Türkiyədə aparılan arxeoloji araşdırmalar və tarixdən öncəki dönəmdən son dövrlərədək tarixi xronologiyadan geniş şəkildə bəhs edib. Azərbaycan arxeoloqları Türkiyəli həmkarları ilə öz təcrübələrini bölüşüblər. Elmi seminar sonda suallar və diskusiya ilə tamamlanıb.
“İkinci elmi seminar iki ayrı hissədən ibarət olub: birincisi – Anadoluda metalişləmə, ikincisi isə, Troya qazıntıları və onun nəticələri haqqında. Mühazirələr elmi diskussiyalar və suallarla yekunlaşıb.
“Layihə iştirakçıları Universitetin Arxeologiya bölümünün professoru Maria Henriette Gatesin emalatxanasında olmuş, orada Kinet Höyük keramikaları ilə tanış olmuşlar. Gənc alimlərimiz üçün təlim təşkil edilib. Maria Gates iştirakçılara keramikanın tədqiqat üsulları barəsində məlumat verib.
“Ezamiyyət dövründə AMEA-nın əməkdaşları Hacettepe Universitetinin tərkibində yerləşən Antropologiya bölümündə elmi görüş keçirdilər.
Z.Həsənovun bildirdiyinə görə, “bölümün rəhbəri Professor Yılmaz Selim Erdal İnstitutun əməkdaşlarına Antropologiya və onun elmi əsası haqqında geniş məlumatlar verib”. Daha sonra Professor Yılmaz Selim Hacettepe Universitetinin tərkibində yerləşən Skelet Biologiyası Laboratoriyası haqqında məlumatlar verərək onun iş prinsipləri, analizlərin aparılması, toplanılması və elmi dövriyyəyə daxil edilməsindən geniş söhbət açıb. Ondan sonra layihə iştirakçıları Hacettepe Universitetində fəaliyyət göstərən Genetik laboratoriyanın işi ilə də tanış oldular. Bu laboratoriya Avropa Komissiyasının Horizon 2020 European Research Agency Proqramı tərəfindən ayrılan qrant hesabına maliyyələşir.
“Ezamiyyət dövründə alimlər Ankara muzeylərinin arxeoloji kolleksiyaları ilə tanış olub, Bilkent Universitetinin kitabxanasında tədqiq etdiyi mövzular üzrə ədəbiyyat toplayıblar”, – deyə xəbərdə bildirilir.