Son yeniləmə: 18 Sentyabr 2021 21:46
Bayraqdar.info – Daşkənddə Türk Keneşinin gənclər və idman sahəsinə məsul nazirlərinin V toplantısı və 1-ci Gənc Sahibkarlar Forumu keçiriləcək.
Bu barədə Türk Keneşinin katibliyindən məlumat verilib. Bildirilib ki, hər iki tədbir 20-21 sentyabr tarixlərində baş tutacaq.
Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Əziz Abduhakimovun və Özbəkistan Gənclərlə İş üzrə Agentliyinin direktoru Alişer Sadullayevin ev sahibliyi edəcəyi toplantıya Türk Keneşinin Baş katibi Bağdad Amreyev moderatorluq edəcək.
Toplantıda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Aida Balayeva, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Özbəkistanın Gənclərlə İş üzrə Agentliyinin direktoru Alişer Sadullayev və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin İdman Diplomatiyası üzrə baş direktoru Istvan Iglói-Nagy iştirak edəcək.
Bildirilib ki, toplantıda Türk Keneşinin iş proqramına daxil olan gənclər və idman məsələləri və təşəbbüsləri ilə yanaşı, “1-ci Türk Keneşi Tegbol Turniri” və “Türk Dünyası Gənclər Paytaxtı Təşəbbüsü Tənzimləməsi” layihəsini müzakirə edəcəklər.
Toplantının sonunda nazirlər Türk Keneşi çərçivəsində çoxtərəfli və ikitərəfli gənclər və gənclərlə iş üzrə mübadilə proqramlarına aid anlaşma memorandumu imzalayacaqlar.
2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş Türk Keneşinin VII Zirvəsi zamanı Özbəkistan Prezidenti Şavket Mirziyoyevin təklifi əsasında formalaşdırılan Birinci Gənc Sahibkarlar Forumunun məqsədi isə üzv dövlətlərin gənc iş adamları arasında əlaqələri inkişaf etdirmək və yeni iş imkanları əldə etmələri üçün Türk Keneşi ölkələrinin istedadlı və təhsilli gənclərini bir araya gətirməkdir.
Forumun açılışına Özbəkistan Baş nazirinin sərmayə və xarici iqtisadi əlaqələrdən məsul müavini, sərmayə və xarici ticarət naziri Sardor Umurzakov, Baş nazirin sosial inkişaf məsələləri üzrə müavini Behzod Musayev və Türk Keneşinin gənclər və idman məsələlərinə məsul nazirləri qatılacaq.
İki günlük toplantıda bir sıra məsələlər müzakirə ediləcək.