Press "Enter" to skip to content

Yaz, qalib gəl və Şuşaya get

Bayraqdar.info – Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında müsabiqə elan edir. “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə 20 sentyabr – 20 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak edən yazı, TV süjet və fotolar 5 nəfərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, qalibləri olduqca maraqlı hədiyyələr gözləyir. Belə ki, hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək “EXPO 2020 Dubai” tədbirində Azərbaycan pavilyonunu ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaq. 2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər (“Xarı Bülbül” hoteli), 3-cü yerin sahibləri isə “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər haqqı qazanacaq.

Müsabiqənin şərtləri isə aşağıdakı kimidir:

– Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir;
– Məqalələr, fotolar və televiziya süjetləri yeni olmalıdır, müsabiqənin qüvvədə olma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir;
– Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər;
– Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya foto təqdim edə bilər;
– Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkar fotokamera ilə çəkilməklə 3000 piksel-ə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir;
– Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;
– Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;
– Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.
– Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə “fikrat.tahmazov@tourism.gov.az” ünvanına göndərilməlidir.
– Televiziya süjeti DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 oktyabr 2021-ci il tarixinədək Dövlət Turizm Agentliyinə (Ünvan: Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək “fikrat.tahmazov@tourism.gov.az” poçt ünvanına göndərilməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).

Mission News Theme by Compete Themes.