Bayraqdar.info – İtaliyanın siyasi-ictimai çevrələrində populyar olan “Intervento nella Società” jurnalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc olunub. Müsahibəsində diplomat ölkəmizin beynəlxalq münasibətlərdə rolu, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin səyləri və Azərbaycanın multikuturalizm modeli ilə bağlı sualları cavablandırıb.
Bu barədə bayraqdar.info-ya ölkəmizin İtaliyadakı səfirliyindən məlumat verilib.
Diplomat bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib. Ölkəmiz o vaxtdan etibarən Şərqlə Qərb arasında təbii bir körpü roluna malik geo-strateji mövqeyi sayəsində də beynəlxalq səviyyədə getdikcə daha da əhəmiyyətli bir rol oynayıb.
Ölkəmizin yaxşı qonşuluq siyasəti yürütdüyünü vurğulayan M.Əhmədzadə Azərbaycanın Aİ üzvü ölkələri də daxil olmaqla Şərq və Qərbin aparıcı ölkələri ilə yaxın münasibətlərə malik olduğunu, habelə Aİ Şurasının Prezidenti Şarl Mişelin bu yaxınlarda Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Aİ ölkələri arasında İtaliya ilə əlaqələrin xüsusi önəm daşıdığını və münasibətlərin siyasətdən tutmuş iqtisadiyyata, mədəniyyətə və elm-təhsilə qədər hər bir sahəni əhatə etdiyini bildirən diplomat İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ölkəmizin İtaliya üçün əsas xam neft tədarükçülərindən və bütün Qafqazda “Made in Italy” məhsulları üçün əsas ixrac məntəqəsi olduğunu qeyd edib. M.Əhmədzadə, həmçinin İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən TAP layihəsindən də bəhs edib.
Azərbaycan və İtaliya arasında mövcud mükəmməl əlaqələrdən söz açan diplomat 2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana, 2020-ci ildə isə Prezident İlham Əliyevin İtaliyaya həyata keçirilmiş dövlət səfərlərinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsinə töhfə verdiyini deyib. O, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı “Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də daxil olmaqla çoxsaylı sənədlərin imzalandığını və iki ölkə arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
M.Əhmədzadə ölkələrimizin Covid-19 pandemiyasının ən ağır zamanlarında bir-birinə qarşılıqlı həmrəylik nümayiş etdirdiklərini, habelə Vətən müharibəsi dövründə İtaliyanın beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini xatırladıb. O, üçtərəfli bəyanatın imzalanmasından sonra 2020-ci ilin dekabr ayının əvvəllərində işğaldan azad edilmiş ərazilərimizə Avropa ölkələrindən ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan olduğunu diqqətə çatdırıb.
M.Əhmədzadə 30 il ərzində Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını hərbi işğal altında saxladığını, ötən ilin sentyabr-noyabr ayları ərzində baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini və üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin başa çatdığını bildirib, sülh və birgəyaşayışın əhəmiyyətini vurğulayıb.
Sonda müsahibəsində Azərbaycanın multikulturalizm modelindən bəhs edən M.Əhmədzadə multikulturalizmin həyatımızın hər sahəsinə nüfuz etdiyini bildirib.
Müsahibə ilə keçiddən (səh. 26-27) tanış olmaq mümkündür.