Press "Enter" to skip to content

Azərbaycan BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verir

Son yeniləmə: 17 Sentyabr 2021 21:40

Bayraqdar.info – Ölkəmiz BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.

XİN-nin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, sentyabrın 17-də nazir
Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

C.Bayramov, rezident nümayəndənin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib. O, A.Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilə də dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edib. Nazir həmçinin, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.

A.Frakassetti, öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökümət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və s. proqramların uğurla həyata keçirildiyini qeyd edib. BMTİP-in həmçinin münaqişə sonrası minadan təmizləmə fəaliyyətinə də dəstək verdiyi qeyd olunub.

BMTİP proqramının növbəti rezident nümayəndəsi ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən nazir C.Bayramov A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.