Bayraqdar.info – Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov sentyabrın 16-da Almaniyanın Saksoniya-Anhalt federal torpağında yerləşən tarixi Vittenberq şəhərinə səfər edib.
Bu barədə bayraqdar.info-ya sentybarın 17-də səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfir Vittenberqin qədim bələdiyyə binasında şəhərin meri Yoxen Kirxnerlə görüş keçirib. Görüşdə Azərbaycan-Almaniya münasibətlərinə dair fikir mübadiləsi aparılıb, Saksoniya-Anhalt federal torpağı, o cümlədən Vittenberq şəhəri ilə mövcud olan əməkdaşlıq və həyata keçirilən layihələr, eləcə də gələcək perspektivlər müzakirə edilib.
R.Həsənov 200 il əvvəl Azərbaycanda alman məskənlərinin salınmasının iki xalqın tarixi əlaqələrinin əsasını qoyduğunu və bu tarixin hazırda ölkələrimiz arasında sürətlə inkişaf edən münasibətlər üçün möhkəm bünövrə yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan və Almaniya arasında intensiv siyasi dialoq, iqtisadi, mədəni, səhiyyə, idman və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Azərbaycan həm də Almaniyanın bölgələri ilə münasibətlərin sıxlaşmasını və insanlararası mübadilənin genişlənməsini təşviq edir.
Səfir Ramin Həsənov Vittenberq şəhərinin Qızıl Kitabına imza atıb.
Qeyd edilib ki, R.Həsənov səfər zamanı həmçinin Vittenberq bölgəsinin iqtisadiyyat, səhiyyə və mədəniyyət dairələri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizin iqtisadi inkişafı, nəhəng regional layihələri, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan addımlar haqqında danışılıb. Həmçinin, Ələt Azad İqtisadi Zonası və sənaye parkları, eləcə də ölkədə kənd təsərrüfatı, turizm, nəqliyyat və alternativ enerji kimi sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib. Bütün bunların, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma işlərinin Almaniya iqtisadiyyatı ilə əməkdaşlıq üçün yaxşı imkanlar açdığı diqqətə çatdırılıb. Səfir Azərbaycanın humanitar sferalarda da, o cümlədən təhsil və səhiyyə sahələrində Almaniya ilə yaxından əməkdaşlıq etdiyini, dövlət proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gəncin Almaniyada təhsil aldığını vurğulayıb.
Azərbaycanın səfiri səfər çərçivəsində həmçinin reformasiya hərəkatının 500 illik yubileyi münasibətilə yaradılmış, vaxtilə Vittenberqdə yaşamış Martin Lüterin fəaliyyətini əks etdirən Panorama sərgisinə və Vittenberqin tarixi abidələrinə baş çəkib, şəhərin orta əsrlər tarixi ilə tanış olub.