Bayraqdar.info – Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta COVID-19 vaksin sertifikatı təqdim edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə bayraqdar.info-ya Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, Bakı şəhərində pul müqabilində vətəndaşlara COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub.
Araşdırma əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İdarədə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Məlumatda bildirilir ki, istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva barəsində cinayət işi açılıb. Onların cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə “E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
“Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir”, – deyə məlumatda qeyd edilib.