Press "Enter" to skip to content

Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir

Bayraqdar.info – Yevlaxda rayon üzrə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər fədailəri” kitabının təqdimat mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək, məzarların üzərinə qərənfillər düzüblər.

Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, daha sonra tədbir Heydər Əliyev Sarayında davam etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev deyib ki, Prezident İlham Əliyevin dediyi kimi, Zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq.

Bu müharibə zamanı Yevlaxın 65 igid oğlunun şəhid olduğunu deyən A.Tağıyev daha sonra bildirib: “Bu yaxınlarda başlamasının bir illiyini qeyd edəcəyimiz Vətən savaşında Yevlaxın da yüzlərlə qəhrəman övladı döyüşə atıldı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin çağırışı ilə sakinlərimiz Vətən uğrunda səfərbər oldu. Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Bu müharibədə 65 igidimiz şəhadətə yüksəldi, 193 nəfər isə yaralandı”.

“65 şəhidimiz hər birimiz üçün böyük itkidir. Amma əsas odur ki, onların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ilə Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi. Sizin, bizim, bütün xalqın intiqamı alındı” deyən A.Tağıyev əlavə edib ki, Vətən müharibəsində iştirak edənlərin hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir: “Gələcək nəsillərinin öyrənəcəyi, ibrət götürəcəyi mükəmməl mənbədir. Vətənpərvərlik örnəyidir. Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktların timsalında çatdırmaqdır. Bu gün təqdimatına yığışdığımız “Zəfər fədailəri. Yevlax Şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb”.

Sonra Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, millət vəkili İlham Məmmədov və Vətən Müharibəsi qazisi Orxan Hüseynov çıxış ediblər.

Mission News Theme by Compete Themes.