Bayraqdar.info – Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” və EHİM-in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi və rəqəmsal hökumətin inkişafı sahəsində ciddi nailiyyətlər əldə olunub. Bu barədə sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən görüşdə bildirilib.
“ASAN xidmət”dən bayraqdar.info-ya sentyabrın 16-da verilən məlumata görə, Agentliyin sədri Ülvi Mehdiyev Türkiyə Cümhurbaşqanlığının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) baş tutan görüşdə qonaqlara “ASAN xidmət”in və EHİM-in fəaliyyəti barədə ətraflı məlumat verilib.
Görüşdə 2020-ci ilin 25 fevral tarixində Bakı şəhərində Dövlət Agentliyi və Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilən işlər və planlanan layihələr müzakirə olunub.
Qonaqlar, həmçinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.