Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyindən açıqlama

Bayraqdar.info – “İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir.”

Sentyabrın 16-da Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən açıqlamada belə deyilir.

Açıqlamada deyilir: “Pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb. Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir. Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçib. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşların da üzərinə sosial məsuliyyət düşür. Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik. İnanırıq ki, bu bəla xalqın başı üzərindən sovuşacaq və ölkədə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlət ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur”.

Mission News Theme by Compete Themes.