Bayraqdar.info – “Nizami Gəncəvinin fəlsəfəsinə qlobal harmoniya və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün işbirliyi yönündən yenidən baxmağın vaxtıdır.”
Bu sözləri Kanadanın 100 ən bacarıqlı qadın sahibkarı arasında yer alan Covanna (Giovanna) Mingarelli deyib. O, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin “Gənc Liderlər Forumu 2021” tədbirinin bağlanışındakı çıxışında bu sözləri dilə gətirib.
Kanadalı gənc xanım fikirlərini tədbirdə çıxış etmiş Belçikanın keçmiş baş naziri İv Leterm və BMT Baş katibinin xüsusi müşaviri Cefri Saksın məruzələrinə münasibət bildirərkən deyib.
C.Mingarelli qeyd edib ki, hazırda dünyada qarışıqlıq hökm sürür. Bir tərəfdən də COVID-19 insanları çaşbaş salıb. “Ona görə də DİM-ə diqqət kəsilməli və gecikməməliyik”, – deyə o, qeyd edib.
Xanım C.Mingarelli əlavə edib ki, mehriban qonşuluq münasibətlərinə diqqəti artırmaq da vacibdir.
“Biz bu həftə islahatların gerçəkləşməsi üçün gələcək əmək və təcrübə məsələlərindən tutmuş gənc liderlərin roluna qədər məsələlərə diqqət kəsildik. Bu məsələlərin müzakirəsi üçün belə bir platforma Azərbaycanlı şair Nizami Gəncəvi olmadan alınmazdı. Mən ona öz dərin hörmətimi ifadə etmək istərdim. Əminəm ki, N.Gəncəvi sadəcə Azərbaycanın milli şairi deyil, o, həm də sözün həqiqi mənasında gənclərin və insanlığın şairidir”, – deyə C.Mingarelli bildirib.
C.Mingarelli daha sonra əlavə edib: “Tanış olmayanlar üçün qeyd edək ki, N.Gəncəvi 11-ci yüzildə yaşamış şair olub. O, Avropada və dünyada romantizmi ilhamlandırıb. Örnək üçün, Avropanın böyük romantikləri olan Con Kiits, Uilyam Uordsvorts, Meri Şelly və Şekspir N.Gəncəvi fəlsəfəsindən ilhamlanıb. Bu gün də biz Nizaminin geniş dünya görüşündən ilhamlanaraq dünyamızı daha yaxşı – gözəl bir yerə çevirə bilərik”.
“N.Gəncəvi qlobal böhranın həllində bizə yardımçı ola bilər”, – deyən C.Mingarelli bunun qarşılıqlı anlaşma və etimada yol açacağını da sözlərinə əlavə edib.
Əlavə edək ki, C.Mingarellinin çıxışı ciddi marağa səbəb olub və o, iştirakçıların əlavə suallarına da cavab verib.
Xanım C.Mingarellinin təmsil etdiyi M&C Consulting qurumunun Yaxın Şərq üzrə təmsilçisi olan Pakistanlı Qayser Navab da toplantıda fəal rol alıb. Qeyd edək ki, Q.Navab bu Forumun fəal iştirakçılarındandır.
Onu da bildirək ki, Forumun məqsədi dünyanın gənc liderlərini bir araya gətirərək vacib qlobal məsələləri müzakirə etmək, çıxış yollarını birlikdə tapmaqdır.
Forumda seçkin roluyla fərqlənən C.Mingarelli Kanadalı iş adamı, ictimai natiq, yazar və şirkət rəhbəridir. O, eyni zamanda Qlobal Ləyaqət adlı qeyri-dini, qeyri-siyasi qurumun İdarə Heyətinin üzvüdür. Qurum öz ətrafında 80 ölkədən 1 milyona qədər gənci birləşdirir.
Bu xəbəri bayraqdar.info-ya daimi tərəfdaşımız olan Q.Navab verib.