Press "Enter" to skip to content

“Carlsberg Azerbaijan”ın bütün standartlarına cavab verən Azərbaycan arpası

Son yeniləmə: 16 Sentyabr 2021 16:13

Bayraqdar.info – Ölkəmizdə yetişdirilən arpa “Carlsberg Azerbaijan”ın tətbiq etdiyi bütün standartlara cavab verir. Bunu “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann deyib.

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, ölkəmizdə ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb. Sentyabrın 16-da zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri M.Cabbarov bu ilin may ayında İqtisadiyyat Nazirliyi və “Carlsberg Azerbaijan” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, nazirliklə şirkətin əməkdaşlığı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcək.  İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətə layiq haldır. Bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafı və yeni iş yerlərinin açılmasında özəl sektorun payının artması istiqamətində mühüm addımdır.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayıb, sahibkarlıq sahəsində aparılan islahatlar barədə məlumat verib.

“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann xammal bazasının lokallaşdırılma layihəsinin önəmini vurğulayıb. O, bunun Azərbaycanda investisiya cəlbediciliyinin daha da artırılması üçün uğurlu təcrübə olduğunu qeyd edib.

“Calrsbeg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev hazırda şirkətin tərəfdaşlarla birlikdə arpanın, həmçinin pivəbişirmə sənayesində istifadə edilən digər xammal növlərinin lokallaşdırılması üzərində çalışdığını bildirib. “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb. Bu ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2,5 milyon manat investisiya yatırılıb. 2022-ci ildən başalayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.

Məlumatda o da bildirilib ki, “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 250-dək işçi çalışır və əlaqədar sahələrdə (təchizat, pərakəndə satış) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”,“Baltika”, “Əfsanə”,“Kronenbourg Blanc 1664”, “Seth&Riley’s Garage” kimi markalar daxildir.

Mission News Theme by Compete Themes.