Bayraqdar.info – “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə “Qardaşlığımızın dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib. Sentyabrın 15-də Gəncliyə Yardım Fondunun ofisində keçirilən tədbirdə millət vəkilləri, tarixçi alimlər, şəhid ailələri və qazilər iştirak edib.
Bu barədə bayraqdar.info-ya “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasından məlumat verilib.
Bildirilib ki, əvvəlcə Bakının qurtuluşu yolunda, Çanaqqala döyüşlərində, həmçinin birinci və ikinci Qarabağ döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib.
Tədbirə giriş sözü ilə açan “Tərxis Olunmuş Hərbçilərin Gənclərin Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli Koalisiyanın təsis olunduğu gündən hər zaman bu kimi tarixlərə xüsusi diqqət yetirdiyini deyib. O, Bakının işğaldan azad edilməsinin tarixin ən böyük zəfərlərindən biri olduğunu, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını bildirib.
Koalisiya sədri əlavə edib ki, 44 günlük ikinci Qarabağ müharibəsi zamanı da qardaş Türkiyə öz dəstəyini ən yüksək səviyyədə bariz nümunələrlə ifadə etdi: “Bu gün iki qardaş ölkə arasında olan münasibətlər bir millət iki dövlət prinsipinə söykənərək yüksələn xəttlə bütün sahələrdə möhkəmləndirilir”.
Tədbirdə həmçinin millət vəkili, professor Anar İsgəndərov, Hərbi Akademiyanın müəllimi, general-leytenat
Yaşar Aydəmirov, Xəzər Universitetinin müəllimi, tarixçi alim Telman Nüsrətoğlu, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin qədim tarixə dayandığını bildiriblər.
Son olaraq çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 15 sentyabr tarixinin həm Türkiyədə, həm də Azərbaycanda bir bayram olduğunu vurğulayıb. O, hər iki dövlətin uzun illərdir davam edən qardaşlıq əlaqələrinin öz bəhrəsini verdiyini bildirib.