Seymur Əliyev: “Əsrlərin yadigarı olan evlər dağıdılıb, onların yerində kollar, ağaclar bitib”
Bayraqdar.info – Sentyabrın 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Şuşaya təşkil etdiyi səfərdə iştirak edən şuşalı jurnalist, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev bayraqdar.info-ya açıqlamasında səfərlə bağlı təəssüratını bölüşüb.
S.Əliyev qeyd edib ki, işğalçıların Şuşada törətdikləri vəhşiliklər erməni faşizminin sadəcə insanlara deyil, həm də tarixə, təbiətə, mədəni dəyərlərə düşmən olduğunu söyləməyə imkan verir: “Şuşaya səfər mənim üçün ikiqat əlamətdar bir hadisə idi. Çünki 1982-ci ildə Şuşada anadan olmuşam və uşaqlığıma aid bütün xatirələr bu şəhərlə bağlıdır. Odur ki, sentyabrın 11-də Şuşaya səfər zamanı ən böyük xəyalım evimizi tapmaq, onun 29 ildən sonrakı vəziyyəti ilə tanış olmaq, atamın, anamın səsi, nəfəsi hopmuş evin hər qarışını dolaşmaq, onun divarlarına toxunmaq, on illərlə davam edən ruhi-mənəvi narahatlığıma qismən də olsa son qoymaq idi. Ancaq təəssüflər olsun ki, evimiz, o cümlədən küçəmizdəki digər evlər tamamilə dağılmış vəziyyətdə idi. Erməni faşistləri Qasım bəy Zakir küçəsində yerləşən, görkəmli şairin tarixi mülkü olan binanı məhv edib, daşı daş üstündə qoymayıb. Əsrlərin yadigarı olan evlər dağıdılıb, onların yerində kollar, ağaclar bitib. Sıx otlar və cəngəlliklər bu böyük dağıntıdan geridə qalan hər şeyi “udub”, həmin əraziləri vəhşi təbiətə qaytarıb. Gördüyüm mənzərədən sonra bir daha bu qənaətə gəldim ki, erməni faşizmi sadəcə insanların, sülhün və rifahın düşməni deyil, həm də tarixin, təbiətin, sivilizasiyanın, bütün humanist dəyərlərin düşmənidir.
“İnanıram ki, 29 illik işğala son qoyan dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında erməni vandalizminin qurbanına çevrilən bütün tarixi abidələrimizi, eyni zamanda tarixi bina və mülkləri bərpa edəcək, ömrümüzün qürubuna uşaqlığımızın keçdiyi evlərimizdən addımlamaqda davam edəcəyik”.