Bayraqdar.info – İsrailin makorrishon.co.il xəbər portalında “Dini və dinlərarası münaqişələrin əhatə olunduğu regionda Azərbaycan tolerantlıq vahəsidir” sərlövhəli məqalə yerləşdirilib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 15-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd edilir ki, Yaxın Şərqdə dinlərarası müharibələrin və dini münaqişələrin qızışdığı bir vaxtda, İran İslam Respublikası ilə həmsərhəd olan, Xəzər dənizi sahilində yerləşən Azərbaycan multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsi kimi qalmaqdadır. “Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanlılar üçün bu, milli qürur məsələsidir”, – deyə müəllif nəzərə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının Yeni ili münasibətilə yəhudi icmasına təbrik müraciəti ünvanladığını xatırladan müəllif bu yaxınlarda Azərbaycana səfər etdiyini bildirib. Müəllif səfər zamanı ölkəmizdə erməni kilsəsinin qorunub saxlanıldığının, bütün icmalar, o cümlədən yəhudi icması üçün şərait yaradıldığının şahidi olduğunu vurğulayıb:“…yəhudi icmasının bir çox üzvünün ivrit dilində sərbəst danışdığını gördüm, çünki bu dil Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən bütün yəhudi məktəblərində tədris olunur. Halbuki ABŞ və Kanada kimi ölkələr ivrit dilini öyrənən yəhudi tələbələri maliyyələşdirmir”.
Məqaləni daha ətraflı şəkildə keçid vasitəsilə oxumaq mümkündür.