Press "Enter" to skip to content

Dünya Bankının nümayəndələri ilə görüş

Bayraqdar.info – Ölkəmizdə sosial müdafiə sahəsində aparılan islahatlarda beynəlxalq qurumlarla, həmçinin Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verilir. Ötən dövrdə icra olunan birgə layihələr bu sahədə müsbət əməkdaşlıq təcrübəsi formalaşdırıb.

ƏƏSMN-dən bayraqdar.info-ya sentyabrın 15-də verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Qeyd edilib ki, Dünya Bankının nümayəndələri – sosial müdafiə məsələləri üzrə baş mütəxəssislər Mirey Ovadiya və Mitçel Vayner, baş iqtisadçı Sirma Demir Şeker və b. ilə videoformatda keçirilən görüşdə A.Kərimov digər məsələlərə də toxunub. O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatların nailiyyətləri, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Nazir müavini ölkəmizdə pensiya, məşğulluq, əlillik, sosial təminat sahələrində idarəçiliyin təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin yüksəlməsinə yönələn innovativ həllərin tətbiqi işlərini diqqətə çatdırıb.

A.Kərimov sosial təminat sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsində Dünya Bankı ilə birgə layihələrin əhəmiyyətini qeyd edib. Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsini qeyd edərək, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində həmin Layihənin dəstək olduğunu bildirib.

“Görüşdə pensiya sisteminin aktuar təhlillərə əsaslanan uzunmüddətli inkişafı mexanizmləri ilə bağlı beynəlxalq təcrübənin təhlili, sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsi, sosial  işlə əlaqədar keys menecment metodunun geniş öyrənilməklə tətbiqi və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb”, – deyə sonda qeyd edilib.

Mission News Theme by Compete Themes.