Bunu bir müqəddimə yazısı kimi də qəbul etmək olar. Bəllidir ki, sentyabrın 9-14-də Orta Asiyadan bir qrup ictimai fəal və jurnalist Azərbaycanda səfərdə olmuşdu. Onlar mənim şəxsi dəvətimlə gəlmiş və Qarabağdan başlamaqla ölkənin bir sıra bölgələrinə səfər etmişdi. Artıq qonaqlarımız evlərinə dönüb və hesabat yazımızı yaza bilərik. Lakin bunu bir qədər sonra etməyi düşünürük.
İndilikdə isə irəli qaçaraq bir məsələni qısa şəkildə oxucularımıza təqdim etmək istərdim. İstər Qarabağa səfər zamanı, istərsə də savaş görməmiş dinc bölgəyə – Xaçmaz və Qubaya səfərlərində qonaqlarımız durmadan-dayanmadan bir gerçəyi təkrarladılar: dövlətin dövlət olduğunu hər addımda hiss edirik!
Qonaqlarımızı belə düşünməyə və danışmağa vadar edən nə idi? Əlbəttə ki, Azərbaycan dövlətinin istər işğaldan azad edilmiş ərazilərdə apardığı sürətli bərpa-quruculuq işləri, istərsə də digər ərazilərin abadlığı, göz önündəki inkişafı, dövlətin tarixə, mədəniyyətə, mirasa verdiyi dəyər idi bu sözlərə səbəb. Qonaqlarımız hər addımda bu məqamları qeyd edir və Azərbaycan dövlətinin möhtəşəmliyinin altını cızırdılar. Prezident İlham Əliyev haqqında dilə gətirilən ifadələri isə sadəcə eşitmək lazım idi.
Ən adi rayon mərkəzimizdəki inkişaf, səliqə-sahman, nizam-intizam qonaqlarımızı əməlli-başlı heyrətləndirmişdi. Və bu heyrəti hər addımda dilə gətirməkdən çəkinmirdilər. Üstəlik də şəxsimə dönərək fikirlərini bölüşür, bizim üçün sevindiklərini deyirdilər.
Mən dövlətimlə hər zaman qürur duymuşam. Amma bu səfərdən sonra qürurum daha da artdı. Bəli, məhz kənardan gələn insanların verdiyi qiymət qürurumuzun əsassız olmadığını göstərdi.
Dövlətimlə qürur duyuram! Bir Azərbaycan vətəndaşı olaraq bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Ordumuza, eyni zamanda dövlət xidmətində olub Vətənə canla-başla qulluq edən, üzümüzü ağ edən hər kəsə minnətdaram.