Son yeniləmə: 15 Sentyabr 2021 20:37
Bayraqdar.info – Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.
Bakıda keçirilən yürüşlərə iki istiqamətdən – Şəhidlər xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından başlanılıb.
Müdafiə Nazirliyindən sentyabrın 15-də bayraqdar.info-ya verilən məlumata görə, əvvəlcə Azərbaycan Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.
Nazirlik qeyd edir ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.