Press "Enter" to skip to content

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib – VİDEO

Bayradar.info – XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

Sentyabrın 15-də Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Nazirliyin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, Respublikada keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.

Hərbi orkestrin ifa etdiyi məşhur “Mehtər” və “Qələbə” marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşüb.

“Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.

“Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub. Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.

“İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov çıxış edərək deyib:

“103 il öncə qəhrəman türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında qəhrəman türk əsgəri Azərbaycanın igid oğulları ilə birlikdə burada erməni-daşnaklarına qarşı mərdliklə vuruşaraq, düşmənin layiqli dərsini veriblər. Burada yüzlərlə türk qardaşımız şəhidlik məqamına yülsəlib, neçəsi sağlamlığını itirib, sağ qalanlar isə qələbə əzmi ilə odlardan keçərək Bakıya doğru inamla irəliləyiblər. Savaş meydanında iki dövlət bir millət olan Türkiyə və Azərbaycanın igid övladlarının qanı bir-birinə qarışıb. Biz qardaşlığımızı bundan sonra daha da möhkəmləndirəcək və dünyaya əsl qardaşlığın necə olduğunu göstərəcəyik. Azərbaycan Ordusu qardaş Türkiyənin qüdrətli ordusu ilə birlikdə daha güclüdür, daha qüdrətlidir. Bu birlik, bu həmrəylik isə əbədidir, sarsılmazdır.

“Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdiyimizi vurğulayaraq qeyd edib ki, bu gün Türkiyə Silahlı Qüvvələrində qəhrəman Nuru Paşaların on minlərlə, yüz minlərlə davamçıları var və onlar Azərbaycanın haqq savaşında bizimlə bir yerdə olacaqlarını dəfələrlə bütün dünyaya bəyan ediblər. Biz ayrılmaz dostlar, əbədi qardaşlarıq. Bu gün digər sahələrlə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir.

“Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərhəmət Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən qırğınlar zamanı Şamaxı əhalisinin xeyli hissəsi məscidə sığınmışdır. Lakin azğınlaşan erməni quldurları heç nəyə məhəl qoymadan məscid binasını insanlarla bərabər yandırmaqdan belə çəkinməyiblər. Əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi erməni qaniçənləri tərəfindən törədilən yanğına da davam gətirib. Qafqaz İslam Ordusunun Şamaxını erməni işğalından azad etməsindən sonra bir müddət müsəlmanların üz tutduqları bu müqəddəs ziyarətgah uzun müddət sovet rejiminin qadağalarına məruz qalıb. Lakin XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin sayəsində yenidən təmir edilib, kül altından boy ataraq dini memarlıq abidəsinə çevrilib. Bu gün Şamaxı Cümə məscidini Azərbaycana qonaq gələn, bu diyarda yaşayan türk qardaşlarımız da dəfələrlə ziyarət edir və burada namaz qılırlar.

“Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub. Burada Vətən müharibəsi qazisi əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.

“Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.

“Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.