Bayraqdar.info – “Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi həm regional, həm də qlobal baxımdan mühüm əhəmiyyət kəsb edir. O mənada ki, bu təlim regionda və dünyada sülhün, təhlükəsizliyin qorunması istiqamətində atılan addımlara bir dəstəkdir.”
Bunu bayraqdar.info-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
Açıqlamasında Türkiyə və Pakistanın hər zaman, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı dəstəklədiyini deyən E.Həsənli daha sonra bunları bildirib: “Bəlli olduğu kimi Ermənistanın işğalı davam etdiyi illərdə hər iki dövlət beynəlxalq müstəvidə Azərbaycana dəstək verib. Hazırda isə torpaqlarımız işğaldan azad olunub. Bundan sonrakı mərhələdə də həm Pakistanın, həm də Türkiyənin daim yanımızda olacağına şübhə yoxdur. Çünki biz qardaş ölkələrik. Bu baxımdan beynəlxalq təlimin də “Üç qardaş – 2021” adlandırılması təsadüfi deyil”.
Hərbi ekspert bu təlimin regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasına xidmət etməklə yanaşı, bir mesaj olduğunu da əlavə edib: “Bu gün regionda yeni reallıqlar yaranıb və inkişafda maraqlı olan hər bir ölkə bu reallığa uyğun addım atmalıdır. Amma təssüflər olsun ki, istər Ermənistan, istərsə də bu dövlətin havadarları başqa əhval-ruhiyyədədirlər. Son vaxtlar baş verənlər belə deməyə əsas verir. Lakin regionda yenidən sabitliyin pozulmasına çalışanlar, xüsusilə də Ermənistan Azərbaycanın “dəmir yumruğu”nu unutmasınlar. Onu da unutmasınlar ki, Azərbaycanın qardaşları-Pakistan və Türkiyə bu gün də yanımızdadır. Yəni, “Üç qardaş – 2021” həm də o qüvvələrə bir xəbərdarlıq mesajı kimi dəyərləndirilməlidir”.