Bayraqdar.info – Sentyabrın 14-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram Azərbaycanda fəaliyyət göstərən bir qrup sahibkar xanımla görüşüb. Görüşdə “Azərbaycan – Şimali Kipr” dostluq qrupunun rəhbəri Ramiz Alıyev də iştirak edib.
KKTC-nin Bakıdakı təmsilçiliyindən bayraqdar.info-ya verilən məlumata görə, M.Beyazbayram bildirib ki, Azərbaycana gəldikdən sonra sahibkar xanımlarla ilk görüşüdür: “Bu vəzifəyə təyin olunandan sonra Bakıda bir çox görüşlər keçirmişəm. İstər Milli Məclisin deputatları, istərsə də KİV nümayəndələrilə keçirdiyim bütün görüşlərdə dediyim kimi, mən bura öz vətənimə gəlmişəm. Azərbaycan mənim üçün doğmadır. Öncəki illərdə də Azərbyacanda müxtəlif işlərdə çalışdım, yenidən Azərbaycanda, Bakıda olmağımdan çox məmnunam. Azərbaycandakı fəaliyyətim dövründə müxtəlif sahələrlə yanaşı, iki ölkənin sahibkarları arasında da əlaqələrinin qurulması və inkişaf etməsi üçün əlimdən gələni edəcəm”.
M.Beyazbayram Azərbaycanın qazandığı möhtəşəm qələbədən qürur duyduğunu da dilə gətirib: “44 günlük Vətən müharibəsi zamanı biz xalq olaraq qardaşlarımızın yanında idik və bu bizim qardaşlıq borcumuz idi. 30 illik işğaldan sonra tarixi Azərbaycan torpaqlarının azad edilməsi bütün dünyaya Türkün gücünü və qətiyyətini göstərdi”.
Daha sonra R.Alıyev çıxış edərək bildirib ki, sahibkar xanımlarla görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlığın qurulması və bu dostluğun-qardaşlığın gələcəkdə iqtisadi sahədə də özünü göstərməsidir.
Görüşdə iştirak edən sahibkar xanımlar da öz növbəsində qeyd ediblər ki, hər iki ölkənin xanım sahibkarları arasında əməkdaşlıqda maraqlıdırlar.
Daha sonra görüş müzakirələr şəkilində davam edib.